Kürdəmirdə pambıq sahələrinin becərilməsinə 30-dək texnika cəlb olunub
Kürdəmir rayonunda cari mövsümdə 2515 hektarda pambıq yetişdirilir və hazırda əkin sahələrində üçüncü kompleks becərmə tədbirləri aparılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, becərmə işlərinə 50-dən çox texnika, 120 nəfərdən artıq işçi qüvvə cəlb olunub. Hər yerdə aqrotexniki tədbirlər, o cümlədən suvarma, kultivasiya, xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir. Artıq 1-ci vegetasiya suvarması yekunlaşıb, 2-ci vegetasiya suvarmasına başlanıb.
Pambıq sahələrinin hazırkı vəziyyəti bol məhsulun olacağından xəbər verir. Mütəxəssislər cari mövsümdə hər hektardan 30 sentnerdən çox pambıq istehsal olunacağı qənaətindədirlər. Bu da ötənilki göstəricidən azı 3 sentner çoxdur. Bir sıra ərazilərdə, xüsusilə daha çox pambıq əkilən Qarasu, Şilyan, Muradxan, Qarabucaq və digər ərazi nümayəndəliklərinə daxil olan sahələrdən bol məhsul götürüləcəyi planlaşdırılır.