Kürdəmirdə 11 min 700 tondan çox kartof istehsal olunub
10 iyun 2021 | 16:00
Kürdəmir rayonunda kartof yığımı başa çatıb və sahələrdən 11 min 750 ton məhsul götürülüb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 897 hektarda kartof yetişdirilib. Əkin sahələri ötən ildəkindən 2 hektar çox olub. Məhsul istehsalı isə 473 ton artıb. Hər hektardan məhsuldarlıq 131 sentnerə çatıb ki, bu da 2020-ci ildəki göstəricidən 5 sentner çoxdur. Rayonun daha çox kartof əkilən Axtaçı, Mehdili, Köhünlü, Carlı, Şilyan, Qarasu və bir sıra digər ərazi nümayəndəliklərində ailə fermer təsərrüfatları və fiziki şəxslər daha yüksək göstəriciyə nail olublar.