Kürdəmirdə yaş barama tədarükü davam edir
07 iyun 2021 | 16:00
Kürdəmir, 7 iyun, AZƏRTAC
Kürdəmir rayonunun kümçüləri yaş barama təhvilini davam etdirirlər. İndiyədək “Azəripək” MMC-nin nümayəndələrinə 9 min 868,6 kiloqram məhsul təhvil verilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 177 nəfər kümçü tərəfindən 500 qutu (9,5 min qram) ipəkqurdu toxumu bəslənilib və bol barama yetişdirilməsinə nail olunub. İlk günlərdə peşəkar kümçülərdən olan Köhünlü kəndindən Baxış Cəfərov 210 kiloqram, Nazim Cəfərov 180 kiloqram, Şilyan kəndindən Bəybala Mahmudov 147 kiloqram, Fariz Qocayev 145 kiloqram yaş barama təhvil veriblər.