Kürdəmirdə taxıl biçini mövsümünə başlanılıb
Kürdəmirdə bir neçə gündür ki, kütləvi arpa biçininə başlanılıb. Biçin kampaniyasının vaxtında başa çatdırılmasını təmin etmək, habelə məhsul istehsalçılarına lazımi köməklik göstərmək məqsədilə rayonda bütün zəruri işlər vaxtında görülüb.Biçinə ilk olaraq rayonun Qarasu, Şilyan və Pirili kəndlərində fəaliyyət göstərən fermerlər başlayıblar.
Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün də təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, maarifləndirmə işləri aparılıb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Rayonda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Taxıl biçininə, ümumilikdə, rayon üzrə 70 taxılbiçən kombayn cəlb edilib.
Qeyd edək ki, rayonda bu ilin məhsulu üçün 38 min 878 hektarda taxıl yetişdirilib. Əkin sahələrinin 12 min 118 hektarı buğda, 26 min 760 hektarı arpadır.