Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 3 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşır

21 yanvar 2021 | 16:00

Bakı, 21 yanvar, AZƏRTAC

Kürdəmirdə 3 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Kürdəmir rayonunda 18 kilometr uzunluğu malik Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun yenidən qurulması işləri artıq sonuncu mərhələ üzrə icra olunur. Başlanğıcını Bakı-Ələt-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 170-ci kilometrindən götürən avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 4 minədək əhalinin yaşadığı 3 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və çınqıl örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.

Avtomobil yolu boyunca deformasiyaya uğramış örtüyün bərpası məqsədilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçirilir. Bunun üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunur. Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti, sonuncu mərhələsi üzrə artıq yolun asfaltlanmasına da başlanılıb. Yol örtüyünün alt layının 7 santimetr qalınlıqda iri dənəli, üst layının isə 5 santimetr qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi aparılır. Bu işlər 100 min kvadratmetrdən çox ərazini əhatə edir.

Layihə çərçivəsində yolboyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunub. Yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə avtobus dayanacaqlarının tikilməsi, yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da layihə üzrə nəzərdə tutulur.

Bu tədbirlərin icrası, ilk növbədə, Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli marşrutu üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.

Keçidlər