Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda 7 fərdi ev Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib

30 oktyabr 2020 | 16:00

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm zəfərlərlə şanlı tarix yazdığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminat proqramı davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu dəfə Kürdəmir rayonunda yeni inşa olunmuş 7 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Fərdi yaşayış evlərinin təqdim etmə mərasimində çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının vəzifəsini müvəqqəti icra edən, Başçının müavini Ağali Kərimli qeyd edib ki, son bir ay ərzində Silahlı Qüvvələrimizin böyük Qələbələr əldə etməsi, qısa müddətdə artıq bir sıra yurd yerlərimizin işğaldan azad edilməsi Ordumuzun gücünü, qüdrətini bir daha nümayiş etdirir. İşğaldan azad edilən ərazilərimizdə Azərbaycan bayrağı qaldırılır və bu, bütün xalqımızda sonsuz qürur hissləri oyadır.
Çıxış edən şəhid ailələri və müharibə əlilləri göstərilən yüksək diqqət və qayğıya, bu gün isə fərdi evlərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar Ordumuzun Qələbələrindən, torpaqlarımızın işğaldan azad edilməsindən, düşmənə sarsıdıcı zərbələr vurulmasından fərəh hissi keçirdiklərini, şəhidlərimizin qisasının düşməndən layiqincə alındığını vurğulayıblar. İşğal altında olan digər torpaqlarımızın azad ediləcəyi günün də uzaqda olmadığına əminliklərini ifadə ediblər.

Keçidlər