Mənasız danışıqlarda Azərbaycan iştirak etməyəcəkdir
Azərbaycan işğalçı ölkə deyil. Başqasının torpağında Azərbaycanın gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir.
- Mənasız danışıqlarda Azərbaycan iştirak etməyəcəkdir. Aparılan danışıqlar və onun formatı faktiki olaraq münaqişənin dondurulmasına xidmət edib.
- Boşa çıxmış 30 illik ümidlər. Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb. Diplomatik üsullara sadiq olub. Beynəlxalq birliyə etibar edib. Xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar. BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir kağız üzərindədir.
- Azərbaycan xalqının qələbə salnaməsi. Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir.
- Qəhrəman Azərbaycan əsgəri. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmanlardır. Onların şücaəti nəticəsində doğma torpaqlarımız bizə qayıdıb.
- Azərbaycanın şanlı tarixi yazılır. Xalq bu gün öz dövlətinin yeni tarixini yazır. Bu günlərdə tarixi ədalət bərpa olunur. Çünki Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib.
- Qarabağa həyat qayıdacaqdır. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə Erməni cəhdlərinə son qoyulacaqdır.
- Sevinc göz yaşları. İşğaldan azad olunan torpaqlar Azərbaycan xalqının sevinc göz yaşlarının səbəbidir.
- Güc üstünlüyü artıq Azərbaycanın tərəfindədir. Azərbaycan xalqının həsrətinə son qoyulur. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunacaqdır. Şanlı Azərbaycan Ordusu bütün torpaqları qaytaracaqdır. Güc yolu ilə bütün torpaqlar xalqa qaytarılacaqdır.
- Ermənistanın təcavüzkar tamahı onları bitirəcəkdir. Təcavüzkar tamah Ermənistan hökumətini daha böyük axmaqlıqlara təhrik edir. Bu siyasət Ermənistan dövlətçiliyinə təhlükədir.
- Ermənistan xalqı öz siyasi rəhbərliyinin axmaq niyyətlərinin əziyyətini çəkir. Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını və beynəlxalq ictimaiyyəti aldadır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu və danışıqları mənasız etdi.
- Beynəlxalq təşkilatlar Ermənistana təsir etmədi. İşğalçı Ermənistana heç bir beynəlxalq təşkilat təsir etmədi. Bu hal beynəlxalq riyakarlığın və ikili standartların təzahürüdür.
- Azərbaycan hər zaman ədalətli danışıqların tərəfdarı olub. Beynəlxalq hüquqa sığınan Azərbaycan münaqişə boyunca diplomatik üsullara müraciət edib və danışıqlara hazır olduğunu bildirirdi.
- Danışıqlar üçün heç bir əsas qalmadı. Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə danışıqların aparılması mümkünsüzdür.
- Qorxaq erməni xisləti. Qondarma rejimin başçısı qaçıb siçan kimi gizlənib.
- Təhrik niyyətli erməni siyasəti. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın parlamentinin Şuşaya köçürülməsi faktı Azərbaycan xalqını təhqir etmək cəhdidir. Bu cür təhriklərə görə onlar öz layiqli cavablarını artıq alırlar.
- Azərbaycan bayrağı ucaldılır. İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılır. Azərbaycan dili o torpaqların milli mənsubiyyətini bərpa edir.
- Ermənistan rəsmilərinin düşünmək üçün çox az vaxtı qalıb. Ermənistan rəhbərliyi hələ ki, gec deyil yaxşı düşünməli və düzgün nəticələr çıxartmalıdır.
- Azərbaycanın cəmi bir şərti var. Erməni ordusu Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistanın Baş naziri Azərbaycan xalqından üzr istəməli və deməlidir ki, Qarabağ Ermənistan deyil.
- Torpaqların azad olma cədvəli Azərbaycana təqdim olunmalıdır. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli müəyyən olunduğu təqdirdə atəşkəs rejimi bərpa edilə bilər.
- Erməni havadarlarına Azərbaycandan tarixi dərs. Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Verilən dərslərdən Ermənistan nəticə çıxartmalı və təxribatlarından əl çəkməlidir.
- Azərbaycan xalqı şərəfli anları yaşayır. Xalqımızın haqqı bərpa olunacaqdır. Xalqımız tarixin ən şərəfli anlarını yaşayır. Ərazi bütövlüyümüz bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır. Xalqımız mütləq zəfər çalacaq.