Kürdəmirdə yüksək nəticə göstərmiş məzunlarla görüş olub
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının binasında qəbul imtahanlarında yüksək nəticə göstərərək 650-dən yuxarı bal toplamış məzunlarla karantin rejiminin qaydalarına uyğun olaraq görüş keçirilib.
Görüşdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli uğur qazanan gəncləri, onların müəllimlərini və valideynlərini təbrik edib. O qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir. Ağali Kərimli bildirilib ki, respublikamızın hər yerində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə müasir məktəb binalarının tikintisi, onların maddi texniki bazasının möhkəmləndirilməsi məhz bu sahəyə olan diqqət və qayğını göstərir.
Daha sonra, YAP Kürdəmir rayon təşkilatının Gənclər Birliyinin sədri Rauf Abuşov qazandıqları uğur münasibətilə gənclərə öz səmimi təbriklərini çatdırıb, onlara gələcək həyatları, ixtisas seçimi və tələbəlik illəri ilə bağlı bir sıra tövsiyələrini bildirib. O gənclərə tələbəlik illərində ixtisasları ilə yanaşı, başqa bilik və bacarıqlara yiyələnmək fürsətlərini də dəyərləndirmələrini, könüllülük fəaliyyəti ilə məşğul olmalarını tövsiyə edib.
Görüşdə iştirak edən Kürdəmir rayon Təhsil şöbəsinin müdiri Rəfael Məmmədov da çıxışında məzunları qazandıqları böyük uğurlar münasibətilə təbrik edətək qeyd edib ki, rayondan olan məzunların bu il ali məktəblərə qəbul imtahanlarında göstərdikləri yüksək nəticələr ötən illərdən xeyli fərqlənib. Rəfael Məmmədov bildirib ki, rayonumuzda 59 ümumtəhsil məktəbi, 2 məktəbdən kənar müəssisə fəaliyyət göstərir. Həmin təhsil müəssisələrindən 45-i tam orta məktəbdir ki, bu il də onların məzunları ali məktəbə qəbul zamanı yüksək nəticələr göstəriblər. Məzunlarımızdan 18-i 600-dən, 30-dan çoxu isə 500-dən yuxarı bal toplayıb. Ümumilikdə, bu il təhsil müəssisələrini 953 nəfər 11-ci sinif şagirdi bitirib. Onlardan 495 nəfəri ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verib və 371 nəfər ali məktəb üçün keçid balını toplayıb.
Görüşdə iştirak edən məzunlar qeyd ediblər ki, bu uğurlar təkcə onların adına, əməyinə aid deyil , eyni zamanda valideynlər, müəllimlər , məktəb rəhbərliyi və təhsil şöbəsi də bu uğurlarda önəmli pay sahibləridirlər. Gənclər belə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinin onlara ayrıca bir güc verdiyini əlavə ediblər.
Görüşün sonunda yüksək bal toplamış gənclərə YAP Kürdəmir rayon təşkilatı tərəfindən diplom və qiymətli hədiyyələr təqdim edilib.