Kürdəmirdə “Vətənimi qorumağa, onun ərazi bütövlüyü uğrunda vuruşmağa hazıram” mövzusunda videokonfrans keçirilib
Avqustun 6-da Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Vətənimi qorumağa, onun ərazi bütövlüyü uğrunda vuruşmağa hazıram” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşı Fuad Mustafayev, Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova , YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin sədri Rauf Abuşov, Kürdəmir rayon Asan Xidmətinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri və rayon gəncləri iştirak ediblər.
Tədbirdə Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov , YAP Kürdəmir rayon təşkilatı Gənclər birliyinin sədri Rauf Abuşov, Kürdəmir rayon gənc mədəniyyət işçilərinin kordinatoru Xəyyam Məlikov və Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev mövzu ilə bağlı cixiş ediblər. Bildirilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı situasiya sürətlə Azərbaycanın xeyrinə dəyişməkdədir. Prezident İlham Əliyevin Ermənistanın işğalçı siyasətinin, bu ölkənin faşizm idologiyasının daşıyıcısı olmasının ifşası istiqamətində həyata keçirdiyi fəaliyyət erməni yalanlarına bütün dünyada zərbə vurmaqdadır. Bunun nəticəsidir ki, dünya erməniliyinin saxta təbliğatı artıq ayaq üstə dayana bilmir. Azərbaycanın öz həqiqətlərini dünyaya inamla çatdırmasının, Ermənistanın əvvəlkitək dünya ictimaiyyətini öz yalanlarına inandıra bilməməsinin başqa bir göstəricisi cəbhə xəttində son dövrdə baş verənlərə beynəlxalq səviyyədə olan reaksiyalardır. Xatrılayırıq ki, hələ dörd il əvvəl Aprel döyüşləri zamanı bir dövlət, bir təşkilat belə Ermənistanın lehinə fikir səsləndirməmişdi. Çünki onların böyük əksəriyyəti ikili standartlardan çıxış etsə belə, kimin işğalçı olduğunu, kimin isə işğala məruz qaldığını yaxşı bilirlər və belə bir vəziyyətdə Ermənistana dəstəyin ifadə edilməsi ən böyük siyasi riyakarlıq olardı. Yerevanın ən yaxın müttəfiqləri belə açıq şəkildə onu müdafiə etməmişdilər. Son hərbi əməliyyatların ən mühüm reallığı isə növbəti dəfə Azərbaycanın hərbi üstünlüyünün təsdiqi oldu. Təxribatın qarşısının alınması, tərəflərin həyata keçirdiyi əməliyyatların nəticəsi və keyfiyyəti Azərbaycanın müasir döyüş imkanları baxımından Ermənistandan dəfələrlə güclü olduğunu göstərdi. Müdafiə Nazirliyinin bununla bağlı yaydığı videolardan da ordumuzun düşmənin hərbi təyinatlı bütün məntəqələrini, atəş nöqtələrini, qərargah və dayaq məntəqələrini, hərbi texnikalarını son dərəcə sərrast və dəqiq zərbələrlə darmadağın etdiyi aydın görünür. Ordumuzla bərabər biz gənclərində sosial şəbəkələrdə aktif olması vacibdir. Düşmənlərə bütün meydanlarda bizim onlardan güclu olduğumuzu sübut etmək lazımdır. Azərbaycanın tezliklə ərazi bütövlüyünü də bərpa edəcəyi, üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacağı şübhəsizdir. Diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan cəbhədəki son hadisələrdən sonra bir daha hərbi müstəvidə üstün olduğunu göstərdi. Hər kəs gördü ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var.