Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı dövlətimizin vətəndaşların sağlamlığının qorunmasına xidmət edən növbəti bir addımı kimi dəyərləndirilməlidir.
Bu cür modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxan insanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır. Dövlətimiz koronavirus pandemiyasının yayıldığı ilk günlərdən etibarən düşünülmüş, sistemli tədbirlər həyata keçirir. Bu sırada modul tipli xəstəxanaların yaradılması da vacib məqamlardan biridir. Dövlət başçısının tapşırığına əsasən respublikamızda 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıb. Artıq onların bir neçəsi istifadəyə verilib. Bütövlükdə modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradacaq.
Tibb müəssisəndə yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verən cənab Prezident İlham Əliyev ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri ilə bağlı fikirlərini geniş şəkildə bildirib. Dövlət başçısının dediyi kimi, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Fevral ayında bizim cəmi altı laboratoriyamız olsa da, hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, imkan verəcək ki, daha çox test aparılsın. Məhz görülən işlərin nəticəsidir ki, adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir.
Müsahibəsində karantin rejiminə də toxunan dövlət başçısı qeyd edib ki, hər bir vətəndaş bu rejimə əməl etməlidir və heç kim qanundan üstün deyil. Əsas məqsəd xalqın sağlamlığının qorunmasıdır.
Azərbaycanın bır sıra ölkələrə humanitar yardımlar göstərməsi dünyada nüfuzunu daha da artırır. “Eyni zamanda, Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün 130 dövlət tərəfindən dəstəklənməsi bir daha dövlətimizin artan beynəlxalq imicinin ifadəsidir. Bu təşəbbüsə yalnız işğalçı Ermənistan qarşı çıxıb ki, dövlətimizin başçısının dediyi kimi, bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Eyni zamanda, bu addımı ilə Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu, özünü dünyadan təcrid etdi. Prezidentimiz İlham Əliyev Ermənistan haqda “demokrat” obrazı yaratmaq istəyənlərə cavab olaraq bildirib ki, Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Müsahibəsində Dağlıq Qarabağ probleminin hazırki vəziyyətəndən də danışan dövlət başçısı Azərbaycanın prinsipial mövqeyindən heç zaman geri çəkilməyəcəyini bir daha bəyan etdi.
Azərbaycan Respublikasının Przidenti Cənab İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini və beynəlxalq vasitəçilərin fəaliyyətini sərt tənqid edib. Dövlət başçısı qeyd edib ki, bu gün faktiki olaraq danışıqlar prosesi getmir.
Sitat: "Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Yaxşı, nə qədər olar? Mən demişəm ki, biz danışıqları imitasiya üçün aparası deyilik. Biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik. İndi onlar bir söz çıxarıblar – substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən. Belə olan halda, əlbəttə, biz danışıqlarda iştirak edəcəyik. Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk qrupundan bunu gözləyirik və öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın".
Ölkə başçısının çıxışında ən mühüm məqamlardan biri də beynəlxalq vasitəçilərin ədalətsiz yanaşması ilə bağlıdır. Prezident bildirib ki, beynəlxalq vasitəçilər, əsasən də ATƏT-in Minsk Qrupu həmsədləri işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycana eyni münasibəti sərgiləyirlər. Halbuki normalda münaqişənin ədalətli həlli üçün işğalçıya təzyiq göstərilməli, onu razılaşmaya vadar etməlidir.
Dövlət başçısı Avropada ermənilərə dəstək verən, himayədarlıq edən qurum və şəxslərin olduğunu qeyd edib. Prezident bildirib ki, ermənilərə himayədarlıq edənlər, ilk növbədə, erməni lobbisi, onun pulları, Ermənistan hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyəti onları tənqiddən qoruyur.
Sitat: "Bizdə kifayət qədər siqnallar var ki, bəzi siyasi xadimlər, deputatlar, bəzi Avropa ölkələrinin hökumət üzvləri Ermənistana xüsusi münasibət bəsləyirlər. Elə adamlar var ki, Dağlıq Qarabağa yüzlərlə səfər edib. Bunun arxasında nələr dayanır, hamımız yaxşı başa düşürük. Ona görə Avropanın hüquq-mühafizə orqanları bu məsələni, Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi dırnaqarası töhfəni, əlbəttə ki, Ermənistanın riyakar siyasətini araşdırsınlar".
Bu gün Azərbaycan elə bir gücə sahibdir ki, artıq öz fikrini və sözlərini bildirə bilir:
Əlbəttə, bu uzun müddət aparılmış düzgün xarici siyasətin nəticəsidir. Təbii ki, xarici siyasətin əsas aparıcı şəxsi cənab prezident İlham Əliyevdir. Konkret olaraq ATƏT-in Minsk Qrupu haqqında cənab prezident bir neçə dəfə fikirlər söylədi. Dövlət başcısı bildirdi ki, fəaliyyətdə olmaq elə fəaliyyətdə olmaq deməkdir. Yəni neçə illərdir ki, ATƏT-in Minsk Qurupunun dırnaq arası fəaliyyətinin şahidiyik. Ancaq biz nə görürürk? İllər keçsə də də bu münaqişədə heç bir dönüş yoxdur. Cənab prezident vurğuladı ki, Azərbaycan hazırda masada olan məsələdən kənar çıxmamaq şərti ilə münaqişənin həlli ilə bağlı danışıqlara getməyə hazırdır. Ancaq indiki halda Azərbaycan-Ermənistan Xarici İşlər nazirlərinin hər hansı bir formatda danışığına ehtiyac yoxdur. Çünki bunun üçün konkret həll mexanizmini ATƏT-in Minsk Qurupunun fəaliyyətində görmürük. Mənim fikrimcə ATƏT-in Minsk Qurupu sanki vaxtı uzatmaqla məşğuldur. Onların fəaliyyətinin konkret nəticəsi yoxdur.
Müsahibə zamanı cənab prezidentin toxunduğu digər məsələ Avropa institutlarında, beynəlxalq təşkilatlarda, Avropa İttifaqında erməni lobbisinin çirkin fəaliyyəti ilə bağlı oldu:
"Biz bu günə qədər çox görmüşük ki, Ermənistanda həbsxanada jurnalist ölür. Amma bir çox insan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlar buna susur. Azərbaycanda isə jurnalist konkret cinayət törətdiyinə görə qanunla cəzalandırılır. Avropanın məlum institutları insan haqlarından danışaraq bəyanatlar verirlər. Onların iç üzü əslində budur. Çünki bu institutlara oradakı havadarları və erməni lobbiləri müxtəlif yollarla təzyiqlər edir, pulla satın alırlar. Tarix boyu bu belə olub. Hazırda da bu proses davam etdirilir. Cənab prezidentin apardığı düzgün xarici siyasət nəticəsində dünyada bu balans pozularaq Azərbaycanın xeyirinə dəyişib. Bu gün elə beynəlxalq təşkilat və qurum yoxdur ki, Azərbaycanı dəstəkləməsin. Biz beynəlxalq arenada üstünlüyü ələ almışıq. Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Cənab prezident lider kimi fəaliyyətini belə təşkilatlarda rəhbər kimi də göstərə bilir. Əlbəttə bu da hər bir azərbaycanlıda qürur hissi doğurur".