Kürdəmirli fermer: Dövlət dəstəyi təsərrüfatımızı genişləndirməyə imkan verir
Kürdəmirdə rayonunun Xəlsə kənd sakini fermer Qalib Abbasov rayonda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıqla məşğuldur. Mühüm strateji məhsul olan pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi fermerə əkin sahələrini artırmağa, daha yüksək məhsul istehsalına imkan verir. Cari ildə 12 hektar sahədə əkin aparan ailə fermer təsərrüfatına yaxşı çıxış alıb və hazırda becərmə işləri ilə məşğuldur.
Pambıqçılığın ailəsi üçün əsas məşğuliyyət sahəsi olduğunu bildirən Qalib Abbasov deyib: “Ailəmdə hamı pambıqçılığın, yüksək məhsul əldə etməyin, necə deyərlər, “sirlərini” yaxşı bilir. Artıq təsərrüfatın bu sahəsindən yüksək məhsul götürmək, yaxşı gəlir əldə etmək bizim üçün çətin deyil. Hazırda ikinci kompleks becərmə tədbirlərini yekunlaşdırmaqdayıq. Belə ki, sahələrə kultivasiya çəkilib, kətmənləmə, seyrəltmə aparılır. Habelə, zərərvericilərə qarşı dərmanlama tədbirləri görülür”.
Qalib Abbasov pambıqçılığın həm də ağır zəhmət tələb edən sahə olduğunu söyləyib: “Qazandığımız təcrübə, dövlətimizin dəstəyi və torpağa bağlılığımız bizi təsərrüfatımızın bu sahəsini ildən-ilə genişləndirməyə ruhlandırır. Cari mövsümdə hər hektardan 30 sentner məhsul götürmək əzimindəyik”.