Kürdəmirdə arpa biçininə başlanılıb
Kürdəmir rayonunda taxılçılıqla məşğul olan fermerlər arpa biçininə başlayıblar.
Bu ilin məhsulu üçün 50 min 392 hektarda taxıl yetişdirilib. Əkin sahələrinin 17 min 508 hektarı buğda, 32 min 884 hektarı arpadır.
Rayonda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri görülüb, texnika saz vəziyyətə gətirilib. Taxıl biçininə, ümumilikdə, rayon üzrə 60 taxılbiçən kombayn cəlb edilib.
Taxıl biçini prosesində texnikanın düzgün dislokasiyası, biçin zamanı kənd və qəsəbələrdə növbəliliyin təşkil edilməsi məqsədilə karantin rejiminin qaydalarına əməl edilməklə kənd və qəsəbələrdə vətəndaşlarla maarifləndirmə işləri aparılıb. Fermerlərə biçin haqqında ətraflı məlumatlar verilib, biçin prosesi, biçinə nəzarət, vətəndaşların növbəli biçin prosesinə əməl etməsinin vacibliyi haqqında tövsiyələr, çağırışlar edilib, maarifləndirici bukletlər paylanılıb. Taxıl anbarlarında dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, Kürdəmir rayonunda ötən il 48 min 046 hektar sahədə taxıl becərilib, 162 min ton məhsul əldə edilib. Hər hektarın məhsuldarlığı orta hesabla 33,7 sentner olub.