Kürdəmirdə Xocalı soyqırımına həsr edilmiş “Xocalı harayı” mövzusunda anım tədbiri keçirilib
Fevralın 24-də Kürdəmir rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” mövzusuna həsr olunmuş anım tədbiri keçirilib.
Anım tədbirində Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, “N” saylı hərbi hissənin rəhbərliyi və şəxsi heyəti iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, xalqımızın qan yaddaşı olan Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. E. Qafarov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ölkəyə qayıdışı və onun dünya miqyaslı nüfuzu Xocalı faciəsinin də dünya müstəvisində öz qiymətini almasına səbəb oldu. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasət, o cümlədən Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunması yolunda atdığı addımlar təqdirə layiqdir.
Tədbirdə çıxış edən DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev İslam dinində “vətən” və “şəhidlik” məfhumlarının əvəzolunmaz müqəddəslərdən sayıldıqlarını vurğulayaraq Xocalı faciəsinin mahiyyəti etibarilə Holokost, Hernika və Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eyni olduğunu bildirib.
Tədbirin sonunda Siyavuş Paşayev adına Kürdəmir rayon 6 saylı tam orta məktəbin və Hamlet Həsənov adına 7 saylı rayon Körpələr Evi – uşaq bağçasının şagirdləri tərəfinddən hazırlanmış kompazisiyalar nümayiş olundu.