Kürdəmirdə məktəblilər arasında “Sərrast atıcı” yarışı kecirilib
Yanvarın 16-da rayonun Gənclər evində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunan rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin arasında tir atıcılığı üzrə “Sərrast atıcı” yarışı keçirilib.
Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda rayonun 25 ümumtəhsil komandasının şagirdləri iştirak edib. Yarışdan öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Kürdəmir rayon Gənclər və idman idarəsinin rəisi Süleyman Əhmədov bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar.O zaman yalnız Ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verdi. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermiş, 20 Yanvar hadisələri haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. O, çıxışında bildirdi ki, belə yarışların keçirilməsində əsas məqsədi gənclərlə vətənpərvərlik və vətəndaşlıq sahəsində aparılan işlərin səmərəsinin artırılması və məktəblərdə gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi səviyyəsinin yüksəldilməsidir.
Yarışda məktəblilər şəxsi və komanda birinciliyi uğrunda yarışmışdılar.Komanda birinciliyində Sor-sor kənd tam orta məktəbi I yerə, şəhər 2 saylı tam orta məktəbi II yerə , Atakişili kənd tam orta məktəbinin komandası III yerə layiq görüldülər. Şəxsi birincilik üzrə sərrast atıcıliqları ilə fərqlənən Şəhər 2 saylı tam orta məktəbin şagirdi Əhmədov Bəybala I yeri, Muğanlı kənd tam orta məktəbin şagırdi İbişov İbrahim II yeri və şəhər 5 saylı tam orta məktəbin şagırdi Həmidov Əkbər III yeri qazanıblar.
Qaliblər Kürdəmir rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.