Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir gəncləri və idmançıları Şəhidlər xiyabanını ziyarət ediblər

16 yanvar 2020 | 16:00

Bu gün rayonun bir qrup fəal gəncləri və idmançıları “20 Yanvar – Ümumxalq hüzn günü” münasibət ilə Kürdəmir rayonunda yerləşən Şəhidlər Xiyabanı Kompleksini ziyarət ediblər.Gənclər Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə qərənfillər düzmüşlər.
Anım mərasimində iştirak edən Kürdəmir rayon Gənclər və İdman idarəsinin rəisi Süleyman Əhmədov və Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Razim Rahov öz çıxışlarında bildirdilər ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
Xalqımız artıq 20 Yanvar faciəsinin 30-cu ildönümünü qeyd etməyə hazırlaşır. Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.
20 Yanvar faciəsinin qondarma “Dağlıq Qarabağ problemi” ilə əlaqədar olduğunu nəzərə alaraq bir məqamı da qeyd etmək xüsusilə yerinə düşər. Xalqımız bu problemin beynəlxalq hüquq normalarına müvafiq dinc yolla yaxın vaxtlarda ədalətli həllini səbirsizliklə gözləyir. Lakin Qarabağ probleminin dinc yolla həlli istisna olduğu halda, şübhəsiz, xalqımız möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz torpağını hərb yolu ilə azad etmək hüququnu özündə saxlayır. Bu, bizim təbii, ayrılmaz, konstitusion hüququmuzdur.
Bu matəm günü ərəfəsində biz bir daha çağdaş milli azadlıq mübarizəsinin öncülləri, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində örnək olan şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Keçidlər