Kürdəmirdə “Vətən sevgisi və şəhidlik” mövzusunda tədbir keçirilib
Yanvarın 16-da Kürdəmir rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar hadisələrinin 30 illiyinə həsr edilmiş “Vətən sevgisi və şəhidlik” mövzusunda tədbir keçirilib.
Anım tədbirində Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayonun təhsil, səhiyyə, mədəniyyət sahələrinin əməkdaşları, dini icma sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin və Azərbaycanın suverenliyi uğrunda öz canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirin açılışında çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov keçirilən bu tədbirlərin gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması, onlar arsında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması baxımından əhəmiyyətli rola malik olduğunu qeyd edib. O, qeyd edib ki, 20 Yanvar 1905-dir, 1918-dir, Xocalıdır, Şuşadır, Qarabağdır… 20 Yanvar İlhamdır, İlqardır, Larisadır, Mübariz İbrahimovdur, Əlif Hacıyevdir, Əbubəkir İsmayılovdur, Tural Qurbanovdur, torpaq altında yatan yüz minlər, milyonlardır, bütöv Azərbaycandır.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev İslam dinində “vətən” və “şəhidlik” məfhumlarının əvəzolunmaz müqəddəslərdən sayıldığını vurğulayıb. Əzim Rəfiyev, İslam dininin vətəni, dövləti və ailəni qorumağı insanların başlıca vəzifəsi hesab etdiyini diqqətə çatdırıb.
Qarabucaq kənd tam orta məktəbin tarix müəllimi Nizam İsmayılov 20 Yanvar faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışaraq bu hadisənin Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olduğunu qeyd edib.
Çıxış edən digər natiqlər də milli-mənəvi dəyərlər sistemində vətən sevgisinin başlıca dəyərlərdən biri olduğunu, bu dəyər olmadan hər hansı dövlətin çiçəklənməsinin, hətta ayaqda durmasının mümkün olmadığnı qeyd ediblər.
Tədbirin yekununda iştirakçılar 20 Yanvar hadisələrini əks etdirən sərgi ilə tanış olmuş və hadisələri əks etdirən video-çarxları nümayiş etmişlər.