Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni subsidiya mexanizminə keçidlə bağlı Kürdəmirdə tədbir keçirilib

30 noyabr 2019 | 16:00

Noyabrın 30-da rayon icra hakimiyyətinin akt zalında yeni subsidiya mexanizminə keçidlə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, rayon icra hakimiyyətinin məsul işçiləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri aparıldığını və əsaslı infrastruktur layihələri həyata keçirildiyini söylədi. Ölkədə məqsədyönlü islahatların həyata keçirildiyini deyən icra başçısı qeyd edib ki, nəticədə digər sahələr kimi aqrar sahə də öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verir.
Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir”.
Nazir müavini əlavə edib ki, bu il aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ildə əsas fəaliyyət prinsiplərini - fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə və innovasiyaların tətbiqini  özündə ehtiva edən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) layihəsini həyata keçirməyə başlayıb. EKTİS daxili və xarici sistemlər ilə inteqrasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid bir sistemdir, şəffaflıq və operativlik baxımından fermerlərin işini asanlaşdıran  və kənd təsərrüfatı məhsullarının ilkin mərhələsindən son mərhələsinə qədər bütün biznes prosesləri əhatə edən modulların formalaşdırılmasını özündə ehtiva edir: “Bu sistemin fəaliyyətə başlaması kənd təsərrüfatı ilə bağlı bütün proseslərin məntiqi əlaqəliliyini qurmağa, analizlər aparmağa, müasir texniki həlləri tətbiq etməyə, dəqiq məlumatlara əsaslanan proqnozlar verməyə imkan verəcək. Bəyan prosesi EKTİS-in tətbiqini ən mühüm mərhələlərindən biridir. 2020-ci ildən aqrar subsidiyalar məhz elektron sistem üzərindən, fermerlərin bəyanları əsasında veriləcək”.
Nazir müavini bildirib ki, EKTİS sisteminin tətbiqi Azərbaycanda subsidiyaların verilməsində şəffaflığı tam təmin edəcək, aqrodataların toplanmasına, geniş təhlilinə imkan verəcək. İlham Quliyev fermerləri payızlıq əkinləri bəyan etmə prosesində aktiv olmağa və müvafiq qurumları bu prosesə hərtərəfli dəstək göstərməyə çağırıb.
Görüşdə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, EKTİS-in tətbiqi zərurəti və bu istiqamətdə görülən işlər müzakirə edilib, yerli icra orqanları və bələdiyyə nümayəndələrinin sualları cavablandırılıb.

Keçidlər