Kürdəmirdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Noyabrın 20-də rayonun Heydər Əliyev Mərkəzində 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakmiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, rayonun ədliyyə işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə təzə-tər gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakmiyyətinin Başçısı Ceyhun Cəfərov peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini təbrik edib. O, Ulu Öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdırıb, həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını vurğulayıb. Ceyhun Cəfərov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə edilmiş, həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətin idarə olunmasında yeri və rolu daha da artmışdır. 2006-cı ildə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilməklə Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusu verilmişdir. Ədalət mühakiməsinin səmərəsinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyevin siyasi iradəsi ilə 2004-cü ildən etibarən məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır. Bu məqsədlə yeni qanunvericilik bazası yaradılmış, hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi, hakimlərin seçiminin Avropada ən mütərəqqi qaydaları müəyyən edilmişdir. Əhalinin məhkəmələrə müraciəti prosedurunun daha da sadələşdirilməsi məqsədi ilə təkcə son dövrlərdə 12 yeni regional məhkəmə yaradılmış, hakimlərin sayı 2 dəfə artırılmışdır.
Digər çıxış edənlər də peşə bayramı münasibətilə ədliyyə orqanları əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonda rayonun bir qrup ədliyyə işçisinə Kürdəmir Rayon İcra Hakmiyyətinin Başçısının fəxri fərmanları və qiymətli hədiyyəsi təqdim edildi.