Kürdəmirdə pambıq tarlalarının hər hektarında məhsuldarlıq 21 sentneri ötüb
Kürdəmir, 18 noyabr, AZƏRTAC
Kürdəmirdə pambıq yığımı davam edir və indiyədək sahələrdən 6057,4 ton məhsul yığılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 2809 hektar sahədə “ağ qızıl” yetişdirilib. Əkin sahələri əvvəlki ilə nisbətən 2221 hektar az olsa da, istehsal ötənilki səviyyəyə yaxınlaşıb. Bu, əlbəttə, fermerlərin və fiziki şəxslərin əkin və becərmə işlərində sahələrə göstərdikləri yüksək aqrotexniki qulluğun nəticəsidir. Artıq hər hektardan məhsuldarlıq 21,6 sentnerə çatıb ki, bu da ötənilki göstəricidən 8,1 sentner çoxdur.
Rayonun Qarasu, Şilyan, Ərəbqubalı, Carlı, Topalhəsənli və bir sıra digər ərazi vahidlərində “ağ qızıl” toplanışında daha yüksək nəticələrə nail olunur. Bu il bölgənin Şilyan massivində yeni yaradılan “SM Aqro” MMC-yə məxsus pambıq sahələrində hər hektarın məhsuldarlığı 28,2 sentnerə çatıb.
Pambıq tarlalarında yığım davam edir.