Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunub

08 noyabr 2019 | 16:00

Noyabrın 8-də Kürdəmir rayonunda Dövlət Bayrağı Günü münasibətilə “Dünyanın ən uca bayrağı” adlı ümumrayon tədbiri keçirilib. Bayraq meydanında təşkil olunan tədbirdə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar və ziyalılar, rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin əsgər və zabitləri, əmək kollektivlərinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan bayrağının yaranma tarixindən danışıb. O, vurğulayıb ki, çox keçməz, üçrəngli bayrağımız Qarabağımızda dalğalanacaq. Ceyhun Cəfərov çıxışında bildirib ki, Dövlətimizin üçrəngli bayrağı hələ 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında Azərbaycan Cümhuriyyətinin bayrağı kimi qəbul edilmişdi. Təcavüzkar XI Qırmızı Ordunun gəlişi ilə endirilmiş bayrağımız düz yetmiş il ərzində unudulmadı, ürəklərdə yaşadıldı, xatirələrdə canlandırıldı, yaddaşlarda dərin bir iz buraxdı - Azadlıq izi. Nəhayət, 1990-cı ilin noyabrında ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Naxçıvanda dövlət bayrağı kimi rəsmən təsdiq edildi. Həmçinin, Azərbaycan Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında vəsatət qaldırıldı. Nəhayət, 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan Respublikası Demokratik Cümhuriyyətin varisi elan edildi. Bununla da Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Demokratik Cümhuriyyətimizin bayrağını yenidən dalğalandırmaqla öz milli köklərindən, şanlı tarixindən ayrılmaz olduğunu bir daha təsdiqlədi. Yaddaşlardan süzülüb, xatirələrdən canlanıb, ürəklərin içindən çıxarılıb başlar üzərinə qaldırılan bayrağımız istiqlalımızı bütün dünyaya bəyan etdi. Dövlətçiliyimizin, milli, mənəvi, əxlaqi dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiram əxlaqının formalaşdırılması Prezident İlham Əliyev tərəfindən yürüdülən milli siyasətin də hər zaman aparıcı istiqaməti olmuşdur. Bayrağımıza olan ümummilli sevgi və ehtiram 2007-ci ildə hakimiyyətlə xalqın vəhdətinin yeni bir təzahürü kimi Bayraq Meydanının yaradılması ideyasına gətirib çıxardı. Ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir.
Mərasimdə şəhər 6 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları “Bayrağımız qürur mənbəyimizdir” adlı kompozisiya təqdim olunub.
Tədbir rayon incəsənət ustalarının konsert proqramı ilə davam edib.
Həmin gün rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 100-dən artıq həvəskar velosipedçilərin iştirakı ilə veloyürüş keçirilib, məktəblilərin əl işlərindən ibarət sərgi təqdim edilib.

Keçidlər