“Gənc Heydərçilər Mədəniyyət və istirahət parkı”nda Kitab bayramı keçirildi
Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Kürdəmir rayonunun “Gənc Heydərçilər Mədəniyyət və istirahət parkı”nda Kitab bayramı keçirildi.
Kitab bayramında Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov,YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli,Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev başda olmaqla 2000 nəfərə yaxın təhsil,səhiyyə və mədəniyyət işçiləri iştirak edirdilər.
Bayram iştirakçıları nümayiş olunan “Heydər Əliyev - 90”, “Heydər Əliyev və dövlət quruculuğu”, “Müstəqilliyimiz əbədidir”, “Müqəddəs qayıdış”, “Dünya şöhrətli siyasətçi”, “Əsrin müqaviləsinə gedən yol”, “Nəsillərə örnək şəxsiyyət”, “Heydər Əliyev yolu ilə”, “Müqəddəs ailə”, “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev və milli mənəvi dəyərlər”, “Zərifə Əliyeva – 90” , “Rayonumuzun ziyalıları”, “Qarabağım qan yaddaşım”, və sair sərgilərə tanış oldular.
Sərgidə həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bu il yubileyləri keçiriləcək görkəmli şəxsiyyətlərin əsərlərindən ibarət müxtəlif başlıqlar altında 2500 – dən çox ədəbiyyat nümayiş etdirildi. Tədbiri giriş sözü ilə Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev açdı. O, qeyd etdi ki, bu günkü bayram sirlərlə dolu xəzinəyə - kitaba həsr olunur. Kitab bəşəriyətin tərəqqisinin ən böyük vasitələrindən biridir. Siyasi mübarizənin ən güclü silahı insanlığın topladığı bütün biliklər məcmuəsini mənimsətmək üçün ən qiymətli mənbədir.
Sonra Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov çıxış edərək rayon İcra Hakimiyyətinin Başçısı cənab İrşad Əliyevin adından Kitab bayramı və Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi və onları kitabla dost olmağa çağırdı. Çıxış üçün söz uzun illər kitabxana sisteminin inkişafında böyük xidmətləri olan MKS – nin direktoru Şahalı Şıxəliyevə verildi. Şahalı müəllim qeyd etdi ki, Ulu öndər kitabxananı məbədgah adlandırmışdır. Sizləri bu məbədgaha dəvət edirəm. Cünki, elmə, biliyə yol məhz bu məbədgahda yerləşən kitablardan gedir. Kitabxanamız Azərbaycan dövlətçiliyinin milli ideologiyanın, azərbyacançılığın təbliğat mərkəzi kimi ümummilli liderimiz Heydər Əliyevin zəngin irsinin toplanıb saxlanmasında və təbliğində mühüm rola malikdir. Bayramda rayon üzrə ilin ən fəal oxucuları müəyyən edildi. Bu Qəhrəmanova Ofelya Ramiz qızı, Hidayətova Şəlalə İkram qızı, Səfərli Leyla Salman qızı idi. İlin ən yaxşı kitabxanaçısı nominasiyası üzrə kitabxanaçı - Nəsirov Yaşar Böyükkişi oğlu oldu. Onlar Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanı ilə təltif olundular və hədiyyələrlə mükafatlandırıldılar. Kitab bayramında Kürdəmir rayon uşaq incəsənət məktəbinin şagirdləri və rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin iştirakı ilə təqdim edilən musiqi nömrələri, Ulu öndər Heydər Əliyevə həsr edilmiş ədəbi kompozisiya və intellektual oyunlar tədbiri daha da rəngarəng etdi. Sonda aparıcı tədbiri yekunlaşdıraraq tədbir iştirakçılarını Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təşkil edilmiş kitab sərgisinə baxmağa dəvət etdi.