Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir: pambıqçılıq bir çox ailə üçün əsas gəlir mənbəyidir

01 avqust 2019 | 16:00

Rayonda pambıqçılıqla məşğul olan 80 ailə fermer təsərrüfatı var

Kürdəmir, 1 avqust, AZƏRTAC

Kürdəmir rayonunda aqrar sektorun ənənəvi sahələrindən olan pambıqçılıqda daha yüksək nəticələr qazanılması üçün görülən işlər həm də əhalinin məşğulluğunun artmasına, sakinlərin maddi rifahının yüksəlməsinə imkan verir. Bu gün bölgədə təkcə pambıqçılıqda 3000 nəfərədək sakin çalışır, bu sahədə 80 ailə fermer təsərrüfatı fəaliyyət göstərir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son illər respublikamızda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, aqrar sektorda aparılan islahatlar Kürdəmirdə kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıqçılığın inkişafına da güclü təkan verib. Təkcə cari ildə rayonda 2809 hektarda pambıq yetişdirilir. Artıq üçüncü kompleks becərmə işləri başa çatmaq üzrədir. Fermerlər, eləcə də fiziki şəxslər cari mövsümdə sahələrdən yüksək məhsul gözləyirlər.

Qeyd edək ki, pambıqçılıq bir çox ailə üçün əsas gəlir mənbəyidir. Bu da təsadüfi deyil. Çünki, bir ailə təkcə pambıqçılıqdan hər mövsümdə orta hesabla 5 min manat gəlir götürür.

Keçidlər