Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş İdmanın Futbol növü üzrə rayon birinciliyinə yekun vurulub

07 may 2019 | 16:00

         Mayın 7-də   rayonun  mərkəzi  stadionunda   Ümummilli  Lider  Heydər  Əliyevin   anadan   olmasının   96-cı  ildönümünə  həsr olunan rayonun ümumtəhsil   məktəblərinin    komandaları  arasında   idmanın  futbol   növü      üzrə rayon birinciliyinin final oyunu keçirilib.
Kürdəmir  rayon  Gənclər  və  İdman  idarəsinin  təşkilatçılığı  ilə  keçirilən  yarışda  rayonun  16  ümumtəhsil  məktəblərinin futbol komandaları iştirak ediblər.
Aprel  ayının 23-dən start götürən  birinçilikdə  komandalar  1/4final,  yarımfinal və final mərhələsində yarışıblar. Gərgin idman mübarizəsi ilə keçən yarışın oyunların nəticələrinə görə final oyununa vəsiqə qazanmış Qarasaqqal kənd tam orta  və Dəyirmanlı kənd tam orta məktəblərinin komandaları iştirak edirdilər. Oyun Qarasaqqal kənd tam orta məktəbinin komandasının qələbəsi ilə başa çatıb.
Birinciliyin mükafatlandırma mərasimində iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".
Oyunların nəticələrinə görə I yerə Qarasaqqal kənd tam orta məktəbin futbol komandası, II yerə Dəyirmanlı kənd tam orta məktəbin futbol komandası və III yerə isə şəhər 1 saylı tam orta məktəbin futbol komandası layiq görülüblər.
Yarışda fərqlənən idmançılar və qalib gələn komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom , kubok və hədiyələrlə mükafatlandırılıblar.

Keçidlər