Şriftin ölçüsü :

Saytın rəngi :

“Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib

24 may 2018 | 16:00

Mayın 24-də S.Paşayev adına şəhər 6 saylı tam orta məktəbin akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə “Müstəqilliyimiz əbədidir”  mövzusunda  tədbir  keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Azərbaycanın azadlıq mücahidlərinin ruhu bir dəqiqəlik sükütla yad edildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elmira Şıxəliyeva bildirib ki, 1918–ci ildə Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin – müstəqil Azərbaycan dövlətinin rəsmən yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi  23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi silsilə tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil  demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır. Elm, təhsil, siyasət, dil, ədəbiyyat, səhiyyə, demokratik qanunlar, milli ordu, milli  valyuta və.s sahələrdə aparılan islahatlar verilmiş qərarlar və qanunlar qısa zamanda demokratik dövlətimizin, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda varlığını bəlli etdi.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli çıxış edərək bildirib ki, müstəqil yaşamaq, dövlət qurmaq, minillikləri əhatə edən bəşər tarixində heç də hamıya qismət olmur.Tarixdə vaxtı ilə dövlət olan, sonra müxtəlif səbəblərdən varlığına son qoyulan, öz suverenliyini qazanıb, sonra onu hissə-hissə itirən, formal müstəqillik qazanan dövlətlər də az olmamışdır. Dövlətlərin yaranması və inkişaf tarixi çox çətinliklərdən keçib, çiçəklənmə və tənəzzül dövrlərini yaşayıblar. Bütün bu proseslərdə  danılmaz və ümumi olan bir cəhət var. Bu həlledici bir amilə - “milli siyasi lider” faktoruna bağlı olmuşdur. Hər bir dövlətin uğurları bu konkret amildən asılı olur. Milli dövlətimiz olan Müstəqil Azərbaycan  Respublikası bilavasitə ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Dövlətçilik səlnaməmizin şanlı səhifələri məhz onun siyasi xətti  ilə  yazılıb.
Daha sonra məktəbin tarix müəllimi E.Eminbəyli çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin qısa olmasına baxmayaraq, o zamankı ölkənin indiki Azərbaycanın formalaşması üçün əsas təşkil etdiyini vurğuladı.
Tədbirdə məktəbin şagirdləri “Cümhuriyyət, Vətən, Ulu Öndər” mövzusunda  hazırladıqları  “Yaşa Azərbaycan”  adlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Keçidlər