Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib

21 may 2018 | 16:00

Ötən il Azərbaycanda kənd bələdiyyələrinin gəlirləri 12,1 faiz artıb, sosial sifarişli layihələrin icrası sürətlənib. Hesabat ilində Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində kənd bələdiyyələri tərəfindən 21 istiqamət üzrə ümumi dəyəri 5,3 milyon manat olan 3372 layihə icra edilib. Cari ildə 4 mindən çox layihənin icrası nəzərdə tutulur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə mayın 19-da Kürdəmir rayon Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağında danışılıb.

Yığıncaqda Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçiləri, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvləri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin, Azərbaycan Qəsəbə və Şəhər Bələdiyyələrinin Milli assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Kürdəmir şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Azərbaycanın 1227 kənd bələdiyyəsindən və Naxçıvan Muxtar Respublikasının Kənd Bələdiyyələrinin Assosiasiyasından seçilmiş 247 nəfər nümayəndənin iştirakı ilə keçirilən yığıncaqda Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının 2017-ci ildə fəaliyyəti haqqında hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı, Milli Assosiasiyasının 2018-ci il üçün büdcəsi, eləcə də təşkilati məsələlər müzakirə olunub.

Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əli Mehdiyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ölkəmizdə uğurla reallaşdırılan dövlət siyasəti bələdiyyə orqanlarının ictimai-siyasi həyatımıza daha yaxından inteqrasiyasına səbəb olub, vətəndaşların yerli özünüidarəetmədə fəallığı artıb. Hesabat ilində Milli Məclisin Regional Məsələlər Komitəsi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, həmçinin ölkənin QHT sektoru ilə qarşılıqlı faydalı əməkdaşlıq davam etdirilib, yerli özünüidarəetmənin qanunvericilik bazası təkmilləşdirilib.

“Milli assosiasiyalarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri ona hesablanıb ki, kənd bələdiyyələri müasir dövrün çağırışlarına daha yaxından inteqrasiya olunsun, ərazidə prioritet seçilən sosial məsələlər daha tez həllini tapsın. Bu baxımdan hesabat ilində görülmüş işlərin bir hissəsi yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı olub. Milli assosiasiyaların təşəbbüsü və tövsiyəsi əsasında hər il kənd bələdiyyələrində keçirilən “Yerli Demokratiya Həftə”si çərçivəsində bələdiyyə binalarının qarşısında, əhalinin sıx toplaşdığı yerlərdə müxtəlif şüarların asılması, sosial şəbəkələr və xəbər saytlarında əvvəlcədən yerləşdirilən elanlar həftə tədbirlərinin kütləviliyini xeyli artırıb. Belə tədbirlərdə kənd bələdiyyələrində keçirilən 5 min 832 görüşdə 415 min 659 nəfər iştirak edib, bələdiyyələrdə 35 min 143 nəfər vətəndaşın qəbulu aparılıb, yeni təklif və təşəbbüslər irəli sürülüb”, - deyə Əli Mehdiyev bildirib.

Qeyd olunub ki, bələdiyyələrin iqtisadi potensialının artırılması sahəsində fəaliyyətin əlaqələndirilməsi, İKT üzərindən “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” üzrə tədiyəçilərin uçotunun qurulması işləri davam etdirilib, vergi və ödənişlərin toplanmasında müsbət dinamika yaranıb. Hesabat dövründə Milli Assosiasiya yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq əlaqələrini davam etdirib.

Yığıncaqda Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov çıxış edərək dövlətin bələdiyyələrə dəstəyindən, ötən dövrdə yerli özünüidarəetmənin inkişafından, qazanılan nailiyyətlərdən, Milli Assosiasiya vasitəsilə həyata keçirilən çoxsaylı layihələrdən danışıb.

Kənd bələdiyyələrinin fəallığının artırılmasının vacibliyindən söz açan E.Eyvazov bələdiyyə sədrlərinə daha fəal olmağı, yeni təşəbbüslərlə çıxış etməyi tövsiyə edib. “Son illər yerli vergi və ödənişlərin yığım səviyyəsində müsbət dinamika müşahidə olunur. Lakin, buna baxmayaraq, bələdiyyələrin kifayət qədər maliyyə potensialı olduğu halda, yerli vergi və ödənişlər tam toplanılmır”, - deyən Prezident Administrasiyasının sektor müdiri bildirib ki, vergi və ödənişlərin tam həcmdə yığılmasının təmin olunması üçün, ilk növbədə, bələdiyyələrdə vergiödəyicilərinin, vergitutma və ödəniş obyektlərinin uçota alınması təmin edilməlidir. Kənd bələdiyyələrinə xırda istehsal və xidmət sahələri yaratmaqla öz büdcələrini formalaşdırmağı və toplanan vəsaiti sosial layihələrin icrasına yönəltməyi tövsiyə edən E.Eyvazov dövlətimizin başçısının regionlarda keçirdiyi müşavirələrdə verdiyi tapşırıqların icrasında bələdiyyələrin də rolunun artırılmasının önəmini diqqətə çatdırıb. Qeyd edib ki, bu sahədə bələdiyyələrin işində dönüş yaradılmalıdır.

Yığıncaqda Milli Məclisin deputatı Rüstəm Xəlilov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin inzibati nəzarət idarəsinin rəisi Ruslan Osmanlı çıxış edərək bələdiyyələrin ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş sayıblar. Onlar qanunvericilikdə edilən dəyişikliklərin önəmindən, bu dəyişikliklərin yerli özünüidarə orqanlarının inkişafına müsbət təsirindən, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən danışıblar. Azərbaycan bələdiyyə sisteminin effektivliyinin və bələdiyyələrin fəallığının artırılması istiqamətində görüləcək işlərin əhəmiyyəti vurğulanıb, kənd bələdiyyələrinin sədrlərinə müvafiq tövsiyələr verilib. Çıxışlarda bələdiyyələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Kənd Bələdiyyələri Assosiasiyasının sədri, Ordubadın Dəstə bələdiyyəsinin sədri, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədr müavini Tofiq Babayev, Kürdəmirin Pirili bələdiyyəsinin sədri Ziya Kərimov, Astaranın Pensər bələdiyyəsinin sədri Nərgiz Əhmədova, Qazaxın Daş Salahlı bələdiyyəsinin sədri Mahir Quliyev, Qusarın Quxuroba bələdiyyəsinin sədri Namiq İsmayılov, Qax rayonunun Qaxbaş bələdiyyəsinin sədri Rəşad Məmmədov ötən bir ildə gördükləri işlər barədə məlumat veriblər. Eyni zamanda, yerli əhəmiyyətli məsələlərin həllində əhalinin iştirakı, bələdiyyələrin maliyyə imkanlarının artırılması, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsində bələdiyyə qulluqçularının peşəkarlığı, bələdiyyələrin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması ilə bağlı çıxışlar edilib. Çıxışlarda bələdiyyələrin fəaliyyətində şəffaflığın daha da artırılmasının zəruriliyi vurğulanıb, yerli vergi və ödənişlərin yığılmasında mövcud çətinliklərin aradan qaldırılması yollarına dair təkliflər səsləndirilib.

Yığıncaqda nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib, cari ilin büdcəsi təsdiq edilib və təşkilati məsələlərə baxılıb. Həmçinin bələdiyyələrin fəaliyyətində mövcud problemlər və onların həlli yolları, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər dinlənilib. Yığıncaqda özünüidarəetmə orqanlarının uğurlu fəaliyyət göstərmələri ilə əlaqədar bir sıra mühüm məsələlər də qaldırılıb.

Assosiasiyanın hesabat dövründəki fəaliyyəti qənaətbəxş sayılıb, müzakirə olunan məsələlər barədə müvafiq qərar qəbul olunub.

Keçidlər