Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə şəhid Aqil Alışovun xatirəsi anılıb

28 aprel 2018 | 16:00

Aprelin 28-də rayonun Qarabucaq qəsəbəsində şəhid çavuş Aqil Alışovun yaşadığı evin qarşısında xatirə barelyefi açıldı.
Mərasimdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin təhsil aldığı kənd məktəbinin müəllimləri, yaxın qohumları, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
Tədbirdə Azərbaycanın Dövlət himni səsləndi, Azərbaycanın  ərazi  bütövlüyü, müstəqilliyi   uğrunda  həyatlarını itirən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu, barelyefin açılışı edildi, önünə gül-çiçək dəstələri düzüldü, şagirdlərin ifasında şəhidlərimizə həsr olunan şeirlər söylənildi.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli çıxış edərək, şəhid Aqil Alışovun, eləcə də digər şəhidlərimizin qanının yerdə qalmayacağını, qəsbkarların layiq olduqları cəzanı alacaqlarını söylədi.
Mərasimdə şəhidin döyüşçü yoldaşları, şəhidin təhsil aldığı Qarabucaq kənd tam orta məktəbin direktoru Rəhman Mikayılov və başqaları çıxış edərək şəhid çavuş Aqil Alışovun keçdiyi döyüş yolundan danışılbar. Bildirildi ki, şəhid çavuş Aqil Alışov 1973-ci ilin noyabr ayının 26-da rayonun Qarabucaq kəndində anadan olub, 1990-cı ildə Qarabucaq kənd tam orta məktəbini bitirib. 1992-ci ildə hərbi xidmətə yollanan Aqil Vətənin ağır günündə ön cəbhəyə yollanıb. O, pulemyot batalyonunda Ağdam, Laçın rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş, öz sücaəti ilə bir çox döyüş yoldaşlarını xilas etmişdir. Elə bu qəhramanlıqlarına görə də cəbhə yoldaşları ona “Nəbi” adını vermişlər.
Sonda şəhidin qardaşı İlham Alışov və anası Nahizə Alışova  onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər