Şriftin ölçüsü :

Saytın rəngi :

Sərmayə qoyuluşu çoxaldıqca iş yerləri də artır, istehsal da

17 yanvar 2018 | 16:00

Qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində Kürdəmir rayonunda da əhəmiyyətli addımlar atılmaqdadır. Odur ki, geniş potensialı ilə seçilən bu bölgəyə son dövrlər iş adamlarının marağı xeyli artıb. Bu da səbəbsiz deyil. Birinci amil seçim imkanının genişliyidirsə, ikinci iş görmək arzusu olanlara münbit şəraitin yaradılmasıdır.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovla da söhbətimiz əsasən bu barədə oldu. O dedi ki, 2017-ci ildə Prezident İlham Əliyevin kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında imzaladığı fərmana əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması və sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması müddətinin uzadılması mühüm əhəmiyyət kəsb edir.
2017-ci ildə Kürdəmir rayonuna da qoyulan özəl investisiyalara diqqət yetirdikdə sahibkarların regionlara artan marağını görürük. Sərmayələr əsasən sənayenin inkişafı, tikinti və emal müəssisələri ilə bağlıdır. Rayon icra hakimiyyəti də sahibkarlara zəruri kömək göstərir. İri müəssisələrdən süd emalı zavodu, dəyirman kombinatı buna misal ola bilər. Bu müəssisələrin tam gücü ilə fəaliyyət göstərmələri rayon iqtisadiyyatının güclənməsinə, yerli gəlirlərin artmasına və əhalinin məşğulluğunun təmin olunmasına dəstək verir.
Kürdəmir kənd təsərrüfatı rayonu olduğu üçün aqrar sektorun inkişafına ciddi diqqət yetirilir. Keçən il 4027 hektar sahədə pambıq əkilib. Məhsulun becərilməsi və toplanmasında 8 min nəfərdən çox insan iştirak edib. Toplanan məhsul tədarük məntəqələrinə vaxtında çatdırılıb. Əvvəllər rayonda istehsal olunan pambıq “Saatlı” MKT-yə təhvil verilirdi, 2017-ci ildən vəziyyət dəyişib. Sorsor kəndində “MKT-İKA” MMC-nin Kürdəmir filialı fəaliyyətə başlayıb. Məntəqə tam gücü ilə işləyir. Orada 70-dən çox insan çalışır. Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 876 hektar pambıq əkilib və ikinci məntəqə də tikilib. Orada 25 nəfərin məşğulluğu təmin edilib. Fərdi şəkildə pambıq əkənlər isə öz məhsullarını Kürdəmir pambıq zavoduna təhvil verirlər.
2018-ci il üçün hədəf 5 min hektar sahədə pambıq əkininə nail olmaqdır. Bu istiqamətdə müqavilələrin imzalanmasına başlanıb. Hazırda torpaqların şumlanması davam etdirilir.
Məlum olduğu kimi, 2017-ci ilin iyun ayında keçirilən müşavirədə ölkə rəhbəri rayon icra hakimiyyəti başçılarının qarşısına rayonlara yatırılan investisiyaların artırılmasına diqqət yetirmələrinə dair tapşırıq vermişdi. Prezident tapşırığından sonra rayonların əksəriyyətində investisiya qoyuluşları daha da intensivləşib. Kürdəmirdə 2017-ci il üçün 69 milyon manat investisiya qoyuluşu nəzərdə tutulmuşdu. Qoyulan sərmayənin 5,2 milyon manatı kənd təsərrüfatına yönəldilib. Ən çox da istixanaların yaradılmasında intensivlik var. “Aqro-Az” MMC tərəfindən 2 hektarlıq istixana tikilərək istifadəyə verilib. Burada 40-dan çox adam çalışır. Həmin layihəyə 1,7 milyon manat xərclənib. Təsərrüfatda xiyar və pomidorun yetişdirilməsi nəzərdə tutulub.
Ölkə Prezidentinin alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunmaqla istixanaların yaradılması tapşırığı da diqqətdə saxlanılır. Rayonun Mollakənd kəndində təbii üsulla yerdən isti su çıxır. Həmin sudan istifadə olunmaqla “Geotermal Aqro” MMC tərəfindən 50 hektar sahədə istixanaların salınması nəzərdə tutulub. Hazırda işin təşkili istiqamətində tədbirlər görülür. Bu layihəyə indiyədək 3 milyon manata yaxın vəsait xərclənib. İstixana tam gücü ilə işə salındıqdan sonra orada 500-ə yaxın insan çalışacaq.
Aqrar sektorda müasir, daha  yeni sistemlərdən istifadəyə üstünlük verilir. Keçən il “Aran Aqro” MMC tərəfindən Ucarlı kəndində 80 hektar sahədə yeni sistem qurularaq qarğıdalı əkilib və yüksək məhsuldarlıq əldə olunub.
Kürdəmirdə narçılıq da gəlirli sahələrdəndir. Rayonda fəaliyyət göstərən “Mars FK ltd” MMC-nin nar bağları 490 hektara yaxın sahəni əhatə edir. Narçılıqla bağlı qurulmaqda olan emal sahəsi 3500 ton gücündə olacaq. Burada nar qabığından 10 ton palet alınması hədəflənir. Palet əsasən ətriyyat sahəsində istifadə olunur. Nar tumundan isə yağ alınacaq. 2017-ci ildə bu müəssisəyə 9 milyon manat vəsait yatırılıb.
Rayonun İpək yolunun üzərində yerləşməsi hotelçilik sisteminin genişləndirilməsini də xeyli aktuallaşdırıb. Bu sahəyə indiyədək 3 milyon 150 min manat vəsait yatırılıb.
Bir sözlə, təminatlı dövlət dəstəyi, sərmayədarların Kürdəmirə maraq göstərməsi rayonda yaşayan insanların məşğulluğunun artması ilə nəticələnir.

Əli SƏLİMOV,
“Azərbaycan”

Keçidlər