Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN xidmət” Kürdəmirdə

01 dekabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") xüsusi avtobusu dekabrın 4-dən Kürdəmir şəhərində əhaliyə xidmət göstərməyə başlayacaqdır.
“Asan xidmət”ə müraciət etmək istəyən şəxslər Kürdəmir şəhərinin mərkəzində, rayon təhsil şöbəsinin inzibati binasının qarşısında quraşdırılan elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçib, zəruri sənədləri təqdim edə bilərlər. Xidmət yerindəcə göstərilir. Əgər bu, mümkün olmazsa, vətəndaşın sənədləri xidməti həyata keçirən müvafiq dövlət orqanının yerli nümayəndəliyinə göndərilir və müraciət edən şəxs növbəti prosedurlar barədə ətraflı məlumatlandırılır.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar “ASAN xidmət” Kürdəmirdə dekabrın 28-dək əhaliyə xidmət göstərəcək.

Keçidlər