Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Şəhadət” filminin ictimaiyyətə nümayişi və “Sərhəddən başlanan vətən” mövzusunda tədbir keçirilib

20 oktyabr 2017 | 16:00

Oktyabrın 20-də rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Şəhadət” filminin ictimaiyyətə nümayişi və “Sərhəddən başlanan Vətən” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayonun  hüquq  mühafizə  orqanlarının,  idarə,  müəssisə  və  təşkilatların  əməkddaşları, aprel şəhidlərinin ailə üzvləri və ictimaiyyət  nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov ölkə prezidenti cənab İlham Əliyevin aprel şəhidlərinin şücaətini yüksək qiymətləndirdiyini və onu tarixi qəhrəmanlıq adlandırdığını deyib. Dövlətin şəhid ailələrinə, o cümlədən aprel döyüşlərində şəhid olan hərbiçilərimizin ailələrinə olan dövlət qayğısından, onların adlarının əbədiləşdirilməsi üçün atılan addımlardan söz açan Elxan Qafarov “Şəhadət” sənədli filminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunduğunu qeyd edib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev isə öz çıxışında "Şəhadət" filminin əhəmiyyətindən bəhs edərək, filmin hazırlanmasında əsas məqsədin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı onları məlumatlandırmaq olduğunu diqqətə çatdırıb.
Tədbirdə iştirak edən şəhidlərimiz – Əbu Bəkr İsmayılov və Tural Qurbanovun ailə üzvləri çıxış edərək, “Şəhadət” filminin hazırlanmasının onların övladlarına verilən böyük qiymət olduğunu bildiriblər. Şəhid ailələri Vətən uğurunda canından keçən övladları ilə fəxr etdiklərini, tezliklə işğal altında olan bütün torpaqlarımızın azad olunacağına inandıqlarını dilə gətiriblər.
Sonda Kürdəmir rayonundan olan aprel şəhidlərinin ailələrinə “Şəhadət” filmi və “Qurani-Kərim” hədiyyə olunub.

Keçidlər