Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə ilin birinci yarımilliyinin yekunları müzakirə olunub

31 iyul 2017 | 16:00

İyulun  31-də  rayon  İcra  Hakimiyyətinin  akt  zalında   “Kürdəmir rayonunun  2017-ci  ilin  birinci  yarımilliyinin  sosial-iqtisadi  inkişafının  yekunları və qarşıda  duran  vəzifələr  barədə”   Kürdəmir   Rayon   İcra  Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun hesabat yığıncağı keçirilib. 
Yığıncaqda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Aparatının işçiləri,  rayonun hüquq mühafizə orqanlarının, idarə,   müəssisə və  xidmət  təşkilatlarının  rəhbərləri,  icra nümayəndələri və bələdiyyə sədirləri,  rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İclası giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Respublika Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 12 iyul tarixli iclasında bu ilin 6 ayında görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir. Aparılmış uğurlu islahatların nəticəsində 2017-ci ilin 6 ayında iqtisadiyyatda müsbət meyillər davam etdirilmiş, qeyri-neft sektoru 1,7 faiz, qeyri-neft sənayesi 4,4 faiz, kənd təsərrüfatı 2,2 faizdən çox artmışdır. Bu ilin 6 ayında ticarət dövriyyəsinin göstəriciləri müsbət olmuş,  ixrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artmış, idxal isə 15 faiz azalmışdır. Müsbət saldo 1,9 milyar dollar təşkil etmişdir. Bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yerləridir.
Hesabat dövründə Kürdəmir rayonunda görülən işlərdən danışan Ceyhun Cəfərov bildirib ki, 2017-ci ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 0,8 faiz artaraq 175448,3 min manat təşkil etmişdir.  Ümumi məhsul buraxılışının 62,5 faizi istehsal sahələrində, (o cümlədən 19,5 faizi sənayedə, 39 faizi kənd təsərrüfatında, 4,1 faizi tikintidə) 37,5 faizi xidmət sahələrində (o cümlədən 1,1 faizi nəqliyyatda, 0,2 faizi rabitədə, 36,2 faizi ticarətdə) olmuşdur.Rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2017-ci ilin birinci yarımilliyində  1687 nəfər işlə təmin olunmuşdur ki, bundan 1667 nəfəri daimi işlə təmin olunanlardır.Cənab Prezidentimizin tapşırığına, eyni zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2017-ci ilin 6 ayında 261 nəfər işlə təmin olunmuşdur ki, bunlar əsasən rayonumuzda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən yaradılmış  iş yerləridir. Bu işlər hazıda davam etdirilir.Əhalinin özünüməşğulluğunun təmin olunması ilə əlaqədar özünəməşğulluq proqramına uyğun olaraq 17 nəfərin biznes planı müsbət qiymətləndirilmiş, onlardan 11 nəfərinin fəaliyyət sahəsi iri və xırda buynuzlu heyvandarlığın inkişafı, 6 nəfəri xidmət sahəsi üzrə olmuşdur. Artıq 15 ailə vəsaitlə təmin edilmiş, 2 ailəyə avqust ayında aktivlərin verilməsi təmin olunacaqdır.Rayonda sahibkarlığın inkişafına diqqət xeyli artırılmış, əhalinin pay torpaqlarından istifadəsinin səmərəliliyi yüksəldilmişdir. Bütün bunlar əhalinin işlə təmin olunmasına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına şərait yaratmışdır.Hesabat dövründə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonumuzda aqrar sektorun inkişafına  diqqət artırılmışdır. Bu il 15043 hektarda yazlıq bitkilər əkilmişdir. Ötən ildəki illə müqayisədə qarğıdalı əkinləri 1774 hektar, şəkər çuğunduru 286 hektar, soya 200 hektar, qarabaşaq 118 hektar çox olmuşdur. Həmçinin hesabat dövründə 12377 hektarda yonca, 1119 hektarda kartof, 2464 hektarda tərəvəz, 3996 hektarda bostan, 10 hektarda günəbaxan, 15 hektarda yerfındığı becərilir. Becərmənin gedişi və sahələrdə məhsulun vəziyyəti göstərir ki, yazlıq əkinlərdən bu il daha bol məhsul gözlənilir.Ölkə rəhbərinin tapşırığına əsasən rayonda pambıqçılığın inkişafı sahəsində məqsədyönlü işlər görülmüş, pambığın ixracyönümlü məhsul olduğunu, pambıqçılığın əhalinin işlə təmin olunmasında əsas sahələrdən olması nəzərə alınaraq pambıq əkin sahələri genişləndirilmiş, bu il 4027 hektarda, yəni əvvəlki ildəkindən 2116 hektar çox sahədə pambıq əkilmiş, sahələrdə normal bitki alınmış, hazırda 3-cü kompleks becərmə işləri aparılır.Pambıqçılıq sahəsində 4000 nəfərədək insan işlə təmin olunmuşdur. Bu ilin məhsulu üçün ötən ilin payızında 39360 hektar sahədə taxıl, o cümlədən 12209 hektarda buğda, 27151 hektarda arpa əkilmiş, taxıl sahələrinə müəyyən aqrotexniki qulluq göstərilmişdir. Hazırda taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülür. Bu ilin yazında 2000 hektaradək dənlik qarğıdalı əkilmiş və yüksək məhsuldarlığı təmin edən, müasir texnologiya ilə becərilməsi təşkil  olunmuşdur. Qarğıdalı əkinlərinin vəziyyəti göstərir ki, hər hektardan 100 sentnerdən çox qarğıdalı dəni gözlənilir ki, bu da 20 min tondan çox taxıl deməkdir. Qarğıdalı dəni əlavə olunmaqla taxıl istehsalı ötən ildəkindən çox gözlənilir. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə rayonda barama istehsalı ilə əlaqədar 160 kümçüyə 300 qutu barama qurdu verilmişdir. Kümçülərdən Şəki İpək Açıq Səhmdar Cəmiyyətinə 11512 kq barama satılmışdır ki, bu da ötən ildəkindən 7934 kq çoxdur.Ənənəvi sahələrdən olan baramaçılığı gələcəkdə daha da inkişaf etdirmək, onun yem bazasını möhkəmləndirmək məqsədi ilə 46 min ədəd tut (çəkil) tingi əkilmişdir. Hazırda tinglərin becərilməsi işləri aparılır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2017-ci il tarixli 115s saylı Sərəncamı ilə rayonda “Şilyan massivi” adlanan ərazidəki qış otlaqlarından 6150 hektarının, 10 mart 2017-ci il tarixli 190s saylı Sərəncamı ilə “Muradxan-Pirili massivi” adlanan ərazidəki qış otlaqlarından isə 4463,6 hektarının təyinatı dəyişdirilərək əkin dövriyyəsinə 10613 hektar münbit torpaq sahəsi qatılmışdır. “Şilyan massivi”ndəki ərazini suvarma suyu ilə təmin etmək üçün layihə-smeta sənədləri əsasında Şilyan kanalının genişləndirilməsi və su ötürmə qabiliyyətinin 2 dəfə artırılması tədbirləri görülür. Bu məqsədlə Kür çayı sahilində tikiləcək nasos stansiyanın dəmir-beton döşəməsi və divarları inşa edilmiş, 952 p/m, diametri 1200 mm olan metal borular xətt boyunca qaynaq edilmişdir. 40000 m3 torpaq daşınaraq mövcud Ərəbxana-Şilyan kanalının bermalarına əlavə edilərək kipləşdirilmiş, kanalın məcrası 8 km məsafədə təmizlənərək genişləndirilmiş, transformatort yarımstansiyası üçün binanın tikintisi aparılır.  “Muradxan-Pirili massivi”ni suvarma suyu ilə təmin edəcək kanalın layihə-smeta sənədləri hazırlanmış və tikinti işlərinə başlanılmışdır .Təyinatı dəyişmiş torpaqlar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 06 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq öz vəsaitləri hesabına Aqropark yaratmaqla mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkələri qurmaqla qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə taxılçılıq, pambıqçılıq və digər bitkiçilik sahələrinin inkişafına zəmanət verən sahibkarlara icarəyə verilmişdir. Artıq aqroparklar yaradılmış, onlar tərəfindən bu sahələrin meliorasiya olunması, müasir suvarma sistemləri qurulması, torpağın yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin görülməsi sahəsində işlər aparılır.  Bu torpaqların 1000 hektarından çoxu qarğıdalı, soya, qarabaşaq və digər yazlıqların əkini üçün istifadə olunmuşdur. “QLOBAL AQRO” MMC tərəfindən 6 min tonluq saxlama anbarı, yem və yağ emalı zavodlarının tikintisinə başlanılmışdır. Bu müəssisənin işə düşməsi yüzlərlə iş yeri yaranması deməkdir.Rayonda 3000 hektardan çox plantasiya şəklində nar bağı salınmış, bu bağlardan 500 hektardan çoxunun müasir texnoloqiya ilə becərilməsi, damcılarla suvarılması təşkil olunmuşdur. Tərəvəzin örtülü quruntlarda yetişdirilməsi genişləndirilmiş, 8  hektaradək sahədə 37 fiziki və hüququ şəxs tərəfindən 98 istixana təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda 500 tondan çox xiyar və pomidor istehsal edilmiş, bunun 200 tondan çoxu ixraca yönəldilmişdir. İnvestisiya qoyuluşu məqsədi ilə rayonumuza cəlb edilmiş sahibkarlar tərəfindən bu il Atakişili kəndinin ərazisində 2 hektar sahədə, Beyi kəndi ərazisində 0,40 hektar sahədə müasir istixana tikintisi aparılır. Rayonda Aqrolizinq ASC-nin Aqroservis filialı fəaliyyət göstərir. Filiala 130-dan çox traktor, kombayn və digər kənd təsərrüfatı maşın və mexanizmləri verilmişdir. Son iki ildə 26 müasir kombayn alınmışdır. Rayondakı fiziki və hüquqi şəxslər tərəfindən 200-dək traktor və digər kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır.  Torpaqların su təminatının yaxşılaşdırılması sahəsində işlər görülür. Bu ilin birinci yarısında 773 km kanal və 80 km dren şəbəkəsi lildən təmizlənmiş, 96 hidrotexniki qurğu, 9 nasos kompleksi, 2,6 km beton və latok kanallar əsaslı təmir olunmuşdur.Əkin dövriyyəsinə qatılmış yeni torpaqların 3050 hektarının meliorasiya olunması  üçün layihə hazırlanmış və işin başlanması bu il nəzərdə tutulmuşdur. Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 65,0 min başa, qoyun keçilərin sayı 133,2 min başa çatmış, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin birinci yarımilliyində ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 0,2 %,  yumurta istehsalı 0,1 faiz, yun istehsalı 1,5 % artmışdır. Rayonda məhsuldar cins heyvanların çoxaldılması tədbirləri davam etdirilir. Əvvəllər lizinq yolu ilə alınmış 217 baş cins düyə artırılaraq 650 başa çatdırılmışdır. Rayonda bu ilin birinci yarımilliyində 1015 baş  mal süni mayalandırılmış, 439 baş cinsi  yaxşılaşdırılmış bala alınmışdır. Cins heyvanların yüksək texnologiya ilə saxlanması təmin edilmişdir. Rayondakı “Kürdəmir Broyler” ATSC-nın fəaliyyəti genişləndirilmiş, damazlıq ana quşların sayı 15127 başa çatdırılmış, quş əti və yumurta istehsalı artırılmışdır. Yarımillikdə 594 min ədəd yumurta istehsal olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2017-ci il tarixli 2693 nömrəli Sərəncamına əsasən rayonun Qoçulu, Bağman, Garıs-Əyribənd və Axtaçı-Qarabucaq kəndlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə modul tipli su təmizləyici qurğuların quraşdırılması və Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli 2754 nömrəli Sərəncamına əsasən isə rayonun Qarabucaq qəsəbəsində, Qarabucaq, Qurdbayram, Ucarlı, Cəyli, Dəyirmanlı, Mürtülü, Qaraqocalı, Qağacılı, Şıxımlı, Topalhəsənli, Bala Kəngərli və Şahsevən kəndlərində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə içməli su təchizatı sistemlərinin qurulması planlaşdırılmışdır.Hazırda rayonun Qoçulu, Bağman, Garıs-Əyribənd və Axtaçı-Qarabucaq kəndlərində modul tipli su təmizləyici qurğuların quraşdırılması ilə əlaqədar layihə-smeta sənədləri hazırlanmış, aidiyyatı bələdiyyə orqanlarının qərarı ilə ərazidə modul tipli su təmizləyici qurğuların quraşdırılmasına torpaq sahələri ayrılmış, bələdiyyə orqanları tərəfindən ayrılmış torpaq sahələrində modul tipli su təmizləyici qurğuların quraşdırılmasına icazə verilməsinə dair rayon İcra Hakimiyyəti Başçısının sərəncamları təsdiq edilmişdir.“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə içməli su təchizatı sistemlərinin qurulması işlərinə başlanılmış, rayonun Topalhəsənli, Qaraqocalı, Şahsevən və Şıxımlı kəndlərində su xətləri çəkilmiş, hazırda son tamamlama işləri aparılır. Dəyirmanlı və Qağacılı kəndlərində isə su xətlərinin çəkilişinə başlanılmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2017-ci ilin 6 ayı ərzində rayonumuzda tikinti-quraşdırma, yenidənqurma və abadlıq işləri yerinə yetirilmişdir.
  Rayonun Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik tam orta məktəbin tikintisinə başlanılmış, tədris korpusunda hörgü işləri tamamlanmış, monolit dəmir-beton tavaları tökülmüş, istilik-izolyasiya qatı verilmiş, dam örtüyünün çat ayaqları və taxta şəbəkələri quraşdırılmış, metal-kirəmit formalı dəmir vərəqələrlə dam örtüyü vurulmuş, daxili və xarici divarları suvanmış, metal-plastik pəncərələr qoyulmuş, keramik plitələr düzülməsi üçün dəhlizlərdə hazırlıq işləri aparılmışdır. İdman zalının hörgü işləri tamamlanmış, monolit dəmir-beton tavaları tökülmüş, istilik-izolyasiya qatı verilmiş, dam örtüyünün çat ayaqları və taxta şəbəkələri quraşdırılmış, metal-kirəmit formalı dəmir vərəqələrlə dam örtüyü vurulmuş, daxili və xarici divarları suvanmış, döşəməsi örtük materialı üçün hazırlanmışdır. Məktəbin qazanxana, nasosxana və təsərrüfat binalarının tikintisi başa çatdırılmış və hazırda son tamamlama işləri aparılır. 2 ədəd 100 tonluq su hovuzu tikilmiş, divarlarında izolyasi işləri aparılmışdır.Obyektə qədər 10 kv-luq elektrik hava xətti çəkilmiş, 160 kv-luq elektrik transformatoru quraşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli Sərəncamına əsasən Respublika Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına rayonun Çöl Ərəb kəndində 96, Çərtəyəz kəndində 56, Qurdlar kəndində 40 şagird yerlik ümumi orta, Yeni Şıxımlı və Pirəköcə kəndlərində isə 40 şagird yerlik ibtidai modul tipli məktəbin quraşdırılması nəzərdə tutulmuş, Yeni Şıxımlı kəndində 40 şagird yerlik ibtidai modul tipli məktəbin quraşdırılması işi başa çatdırılmış, lazımi avadanlıqlarla təmin edilmişdir.Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədi ilə 2017-ci ilin dövlət büdcəsindən Kürdəmir rayon İcra Hakimiyyətinə şəhərin 10 çöxmənzilli ictimai yaşayış binalarının təmiri işlərinə ayrılmış vəsait hesabına hazırda şəhərin Koroğlu küçəsində yerləşən 55, 55A, 57, 59, 61 və Aran qəsəbəsi 21 saylı ünvanda yerləşən çöxmənzilli ictimai yaşayış binalarında 6360 m2 dam örtüyü dəyişdirilmiş, 2520 m2 sahədə xarici divarlarda, 1500 m2 daxili pilləkən qəfəsəsi divarlarında suvaq işləri aparılmış, 54 m2 dəmir qapı quraşdırılmış, pilləkən meydançalarına 135 m2 sahədə keramika plitələri döşənmişdir.“MKT İK” MMC tərəfindən rayonun Sor-Sor kəndi ərazisində 10 hektar sahədə, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə isə rayonun  Qarabucaq qəsəbəsi ərazisində 6 hektar sahədə pambıq qəbulu məntəqələrinin tikintisi aparılır.2017-ci ilin birinci yarımilliyində telefona olan tələbatla əlaqədar əhaliyə 198 ədəd telefon çəkilmiş, 41 ədəd telefon bərpa olunaraq abonentlərin istifadəsinə verilmişdir.Hesabat dövrü ərzində şəhərin Cənub məhəlləsindəki yeni yaşayış massivində yeni telefon çəkilişi aparmaq məqsədi ilə 100 nömrəlik xətt  şəbəkəsinin tikintisi aparılaraq telefon çəkilişinə başlanılmışdır. Dövlət Proqramının icrası ilə əlaqədar 2017-ci ilin birinci rübündə 21 saylı Yol İstismarı MMC tərəfindən “Azəravtoyol” ASC-nin xətti ilə Respublika əhəmiyyətli avtomobil yolunun xidmət etdiyi ərazilərində və rayon ərazisində bir sıra işlər görülmüşdür. Kürdəmir-Zərdab avtomobil yolunda asfalt-beton qarışığı ilə çala təmir işləri aparılmış, yolun çökmüş hissələrinə çınqıl əlavə edilərək avtoqreyderlə hamarlanmışdır. Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun 15 km məsafəsində və Qarasaqqal kəndinə giriş yolunun 7 km məsafəsində yolun əsası xışlanaraq yumşaldılmış, çökmüş hissələrinə çınqıl əlavə edilmiş, yolun əsası avtoqreyderlə hamarlanaraq, katokla kipləşdirilmişdir.Rayonun Xınıslı, Muğanlı , Çərtəyəz kəndlərinin giriş yolunda uzunluğu 11 km məsafədə yolun çökmüş hissələrinə çınqıl əlavə edilərək avtoqreyderlə hamarlanmışdır.Rayonun Xırdapay-Qağacılı avtomobil yolunun 1-3-cü km-də yolun gediş-gəliş hissəsində asfalt-beton qarışığı ilə 1750 m2 sahədə  çala təmiri işləri aparılmış, yolun 4-5-ci km-də isə hərəkətin təhlükəsizliyini təmin etmək üçün yolun çökmüş yerlərinə 2000 m2 çınqıl tökülərək avtoqreyderlə hamarlanmışdır.2017-ci il üçün şəhərin küçə və meydanlarının əsaslı təmiri proqramına aprel döyüşlərində Şəhid olmuş Əbubəkr İsmayılovun və Tural Qurbanovun adları verilmiş küçələrin əsaslı təmiri və asfaltlaşdırılması işlərinə başlanılmış, hal -hazırda işlər davam etdirilir. Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən 2017-ci ilin fevral ayının 15-dən may ayının 15-nə kimi rayon üzrə 100671 nəfər tibbi müayinədən keçirilmiş, onlardan 96214 nəfəri sağlam olmuş, 4057 nəfəri ambulator, 297 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 103 nəfəri müayinə və müalicə  üçün Bakı şəhərinə göndərilmiş, 22 nəfərdə isə cərrahiyyə əməliyyatı aparılmışdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği rayon İcra Hakimiyyəti Başçısı Aparatının apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir. Yaradılmış təbliğat qrupları Möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirmişdir. Heydər Əliyev Mərkəzində müntəzəm olaraq Ulu Öndərimizin irsini öyrənmək məqsədi ilə dəyirmi masalar, konfranslar və dərslər təşkil edilib keçirilmişdir.  Mütəmadi olaraq rayon gənclərinin asudə vaxtının təşkili məqsədi ilə yeniyetmələr və gənclər arasında bilik yarışları, idmanın voleybol, şahmat, futbol, güləş və sairə növləri üzrə idman yarışları təşkil olunmuşdur.Gənclərimizin Milli Ordu sıralarına hərbi xidmətə göndərilməsi bayram əhval ruhiyyəsində təşkil olunmuş, rayon ictimaiyyəti nümayəndələrinin bayram və tarixi günlərdə hərbi hissələrə səfərləri, mədəniyyət işçilərinin konsert proqramları təşkil edilmişdir.2017-ci ilin “İslam Həmrəyliyi” ili elan edilməsi ilə əlaqədar olaraq məktəblərdə aidiyyatı təşkilatlarla birgə müxtəlif mövzularda tədbirlər keçirilmişdir.
Məruzə ətrafında rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Mətləb Kərimov, Mollakənd Mexaniki Suvarma idarəsinin rəisi Əhliman Kərimov,Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı ərazi şöbəsinin baş məsləhətçisi Allahverdi Allahverdiyev, ”MKT-İK” MMC-nin Kürdəmir filialının müdiri Ağalar Hacıyev çıxış edərək rayonda görülmüş işləri yüksək dəyərləndiriblər.
Yığıncaqda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edildi.
Sonda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov hesabatı yekunlaşdıraraq qarşıda duran mühüm vəzifələri diqqətə çatdırdı, 2017-ci ili uğurla başa vurmaq üçün konkret tapşırıqlarını verdi.

Keçidlər