Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

14 iyun 2017 | 16:00

İyunun 14-də Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının qərargahında “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunan dəyirmi masa təşkil olunub.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Yeni Azərbaycan Partiyasının fəalları, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak edibdilər.
Tədbir  iştirakçıları  əvvəlcə Ulu Öndərin Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon şöbəsinin foyesindəki büstü önünə gül dəstələri düzüblər. Tədbirdə "15 iyun- Tarixin şanlı səhifələri" adlı sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qeyd edib ki, 1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi, hərbi böhran getdikcə kuliminasiya nöqtəsinə çatırdı. O vaxtkı Azərbaycan rəhbərliyinin cəsarətsizliyi, qətiyyətsizliyi yenicə qazanılmış dövlət müstəqilliyimizi uçuruma daha da yaxınlaşdırırdı. Belə bir vəziyyətdə ölkə rəhbərliyi əlacsız qalmışdı və nə etmək lazım gəldiyini bilmirdi. Xalq son ümid yeri kimi Ulu öndər Heydər Əliyevə müraciət etdi. Həmin dövrdə xalqın müxtəlif təbəqələrinin nümayəndələri axın-axın Naxçıvana gedir, bu böyük, qüdrətli şəxsiyyətdən Bakıya dönüb respublikanı düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün təkidlə xahiş edirdilər. Ziyalılar müdrik şəxsiyyətə məktubla müraciət edərək mövcud vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyi bacaracaq və Azərbaycanı məhv olmaqdan xilas edə biləcək şəxsin yalnız onun olduğunu bildirdilər, təkidlə xahiş etdilər ki, ölkəni böhrandan qurtarmaq üçün yaradılan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq versin. Ziyalıların müraciətinə cavab verən Ulu öndər Azərbaycanda baş verən hadisələrdən, ölkənin gələcək taleyindən ciddi narahat olduğunu və ömrünün qalan hissəsini xalqına həsr etməyə hazır olduğunu bildirdi. O vaxt artıq ölkəni idarə etmək iqtidarında olmayan mövcud hakimiyyət də Heydər Əliyevin Bakıya gəlməsini ondan acizanə xahiş edirdi. Heydər Əliyev xalqın çağırışını qəbul etdi. 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə müstəqil Azərbaycanın tarixində yeni mərhələ-milli qurtuluş başlandı. Bu, inkişaf, tərəqqi, yeniləşmə və yüksəliş dövrü oldu.
Dəyirmi masada  “Tarixi qayıdış və xalqın qurtuluşu ” mövzusunda  Carlı  kənd tam orta məktəbinin müəllimi Abduləziz Xanəhmədoğlu, “Heydər Əliyev müstəqilliyimizin təminatçısıdır”  mövzusunda   Mürtülü kənd tam orta məktəbinin tarix müəllimi  Şəbnəm Məmmədəliyeva və “Heydər Əliyev siyasətinin  uğurlu  davamı” mövzusunda Sor-sor kənd  tam  orta məktəbinin direktoru Zeynal Səfərov çıxış edərək  Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra fəaliyyətindən, yeritdiyi siyasətin ən mühüm və ən başlıca cəhəti respublikamızın müstəqilliyinin qorunub saxlanılması olmasından, Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsindən ətraflı danışdılar.
Həmin gün “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə şəhərin Qələbə parkında rayon incəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil edilib.

 

Keçidlər