Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə ənənəvi kitab bayramı keçirilib

04 may 2017 | 16:00

Mayın 4-də rayonun “Qələbə” parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə IX ənənəvi Kitab bayramı keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elman Məmmədov, təhsil, səhiyyə və mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, yeniyetmə və gənclər iştirak ediblər.
Kitab bayramında giriş sözü ilə açan Kürdəmir rayon MKS – in direktoru Şahalı Şixəliyev Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolundan söz açaraq qeyd edib ki, bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan birincisi sözsüz ki, Heydər Əliyevdir. Onun milli vətənpərvərlik ideyaları bu gün yeni mahiyyət almış, daha da genişlənərək bütünlükdə xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz örnəyə çevrilmiş, xalqımıza vətən sevgisi, vətən birliyi, vətən bütövlüyü hissi aşılamışdır.O, çıxışının sonunda ümummilli liderin kitabla bağlı fikirlərindən danışaraq insanları biliyə, zəkaya, müdrikliyə, kamala doğru gedən yolunu işıqlandıran kitabla dost olmağı tövsiyyə etdi. Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli çıxış edərək öz adından və rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov adından Kitab bayramı və Ulu Öndər Heydər Əliyevin 94 – cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və kitabın elm, bilik, zəka mənbəyi olmasından söhbət açdı, görkəımli şəxslərin kitab haqqında söylədiyi fikirləri iştirakçılarla paylaşdı, o, bildirdi ki, bütün elmlərə yol kitabdan başlayır, çıxışının sonunda tədbir iştirakçılarına, xüsusilə yeniyetmələrə kitab oxumağı tövsiyə etdi.
Əsas qayəsini vətənpərvərlik tərbiyəsi təşkil edən bayram tədbirində Kürdəmir rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivi və rayon Uşaq incəsənət məktəbinin şagirdlərinin iştirakı ilə təqdim edilən musiqi nömrələri, rəqslər, şəhər 1 saylı və şəhər 6 saylı tam orta məktəbin şagirdlərinin və rayonda fəaliyyət göstərən uşaq bağçalarının körpə fidanlarının ifasında Ulu Öndər Heydər Əliyevə və vətənpərvərlik tərbiyəsinə həsr edilmiş ədəbi kompozisiyalar iştirakçıların vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb oldu.
Tədbirdə Kürdəmir Dövlət Rəsm Qalereyasında fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgi də nümayiş etdirildi.
Kitab bayramında “İlin ən fəal oxucuları” nominasiyası üzrə və “Kitabxananın ictimai həyatında fəal iştirakına görə” bir neçə oxucu diplomla təltif edildi.
Kitab bayramı böyük ruh yüksəkliyi ilə sona yetdi.

Keçidlər