Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə İslam həmrəyliyinin qarşısında duran maneələr mövzusunda tədbir keçirilib

14 aprel 2017 | 16:00

Aprelin 14-də M.Ə.Rəsulzadə adına şəhər 2 saylı tam orta məktəb-liseydə Kürdəmir rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin qarşısında duran maneələr” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədov, məktəbin direktoru Elnur Məmmədli, dini icmanın sədri Aqil Əliyev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Giriş nitqi ilə tədbiri açıq elan edən Kürdəmir RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilməsində əsas məqsədlərdən biri də İslam həmrəyliyində Azərbaycanın özünəməxsus rolunu gücləndirməkdir. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.
“İslam həmrəyliyinin qarşısında duran maneələr” mövzusunda çıxış edən DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev bütün səmavi dinlərin bəşərə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, qardaşlıq, mərhəmət ideyalarını təlqin etdiyini bildirib. Azərbaycanın multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətindəki səyləri ilə də öz örnəyini təqdim edəcəyini qeyd edib. Ə. Rəfiyev dünyanın müxtəlif nöqtələrində səngimək bilməyən terror, insan qırğını, dini-mədəni irsin məhvi prosesləri kimi təhdidlərdən bəşəriyyətin yalnız səylərini birləşdirməklə, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas ola biləcəyini vurğulayıb.
Daha sonra “İslam həmrəylik və qardaşlıq dinidir” mövzusu ətrafında Kürdəmir şəhər (1) məscidi dini icmasının sədri Aqil Əliyevin, “milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyi” mövzusunda tam orta məktəbin direktoru Elnur Məmmədlinin və dini radikalizmlə mübarizə üsulları mövzusunda isə rayon Polis İdarəsinin əməkdaşı Asif Əhmədovun çıxışları dinlənilib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

Keçidlər