Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirin Türkədi kəndinə ilk dəfə təbii qaz verilib

18 noyabr 2016 | 16:00

Noyabrın 18-də rayonun Mollakənd kənd inzibati ərazi dairəsinin Türkədi kəndinin 100 abonent və 777 nəfər əhalisinə ilk dəfə təbii qazın verilişi ilə əlaqədar açılış mərasimi keçirilib.

Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri,  “Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Eldar Səlimzadə, kənd ağsaqqalları və ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Rayon mərkəzindən 30 km məsafədə yerləşən Türkədi kəndinə təbii qazla təmin edilməsi məqsədi ilə ümumilikdə müxtəlif diametrli 9493 metr müxtəlif diametrli metal və polietilen boru olmaqla kənd də mövcud olan 100 fərdi mənzilin hər birinə mexaniki qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Hər bir mənzilin mətbəxinə   “Azəriqaz” İstehsalat Birliyinin hesabına daxili qaz xətti çəkilib.

Mərasimi giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağali Kərimli sakinləri təbrik edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Kürdəmirdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, əhalinin sosial qayğılarının həllinə göstərilən diqqətdən danışıb.

Mərasimdə kənd ağsaqqalı Yaqub Abışov, ziyalı Allahyar Əzizov, kənd qadınları adından Qəribə Əzizova çıxış edərək  əhalinin sosial ehtiyaclarının həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

“Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Eldar Səlimzadə dövlətimizin başçısının tapşırığına əsasən respublikamızda bütün yaşayış məntəqələrinin “mavi yanacaq”la təminatı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının Kürdəmir rayonunda uğurla icra edildiyini, bu işlərin görülməsi üçün kifayət qədər diqqət və qayğılar göstərən möhtərəm Prezident cənab İlham Əliyevə kürdəmirlilər adından minnətdarlığını bildirdi. O qeyd edib ki, respublikamızda olduğu kimi rayonumuzun sosial-iqtisadi inkişafı, rayon mərkəzinin və kəndlərimizin infrastruktur cəhətdən yeniləşməsi gözlərimiz önündə  baş verir. Hazırda Kürdəmir şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsindən 55 yaşayış məntəqəsi üzrə 18005 abonet təbii qazdan istifadə edir.  Bu da rayon əhalisinin 84 faizini təşkil edir  Türkədi kəndi artıq bizim 56-cı yaşayış məntəqəsidir ki, qazla təmin olunur. Rayonun Mollakənd və Muradxan kəndlərində müxtəlif diametrli qaz xətləri çəkilərək qazlaşma işləri davam etdirilir. Bu da o deməkdir ki, hal-hazırda rayonun 2 yaşayış məntəqəsində bu işlər davam etdirilir. Adı qeyd olunan kəndlərə qazın verilişi yaxın vaxtlarda təmin ediləcəkdir. Qeyd etmək istəyirəm ki, rayonumuzda 2015-ci ildə 22 kənd mavi yanacaqla təmin edilib, 2016-cı ildə artıq bizim 11-ci kəndimizdir ki, qazla təmin olunur. Rayonda yalnız 4 kəndimiz qalır ki, bunlar Qarabucaq qəsəbə, Qarabucaq kənd, Qarasu və Qurdbayram kəndləridir ki, onların da qazlaşması ilə əlaqədar müvafiq işlər görülmüş və gələcək illərdə  qazlaşması nəzərdə tutulmuşdur. 
Sonda məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.

Keçidlər