Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Cənab Ceyhun Cəfərovun hesabat məruzəsi

14 oktyabr 2016 | 16:00

  Hörmətli yığıncaq iştirakçıları!


          Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan sosial-iqtisadi inkişaf kursunun Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə inamla davam etdirilməsi sayəsində 2016 -cı ilin doqquz ayında da ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran bütün məsələlər öz həllini tapmış, böyük layihələr icra edilmiş, ölkəmizin beynəlxalq nüfuzu artmışdır.

         Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Respublika Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 07 oktyabr tarixli iclasında bu ilin 9 ayında görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir.
       
       Möhtərəm Cənab Prezident 9  ayda qarşıda duran bütün iqtisadi və sosial məsələlərin uğurla həll edildiyini, dünyada təhlükələrin artdığını, iqtisadi böhranın  daha da dərinləşdiyini, bütün ölkələrin bu böhrandan bu və ya digər şəkildə əziyyət çəkdiyini, lakin Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit olduğunu, ölkənin qarşısında duran vəzifələrin  həll olunduğunu bildirdi.

          Prezident İlham Əliyev bu ilin 9 ayında sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlərin görüldüyünü,  neftin qiymətinin düşməsinə baxmayaraq iqtisadiyyatın əsas sahələri, sənaye və kənd təsərrüfatı sahələrində artım olduğunu, sənaye istehsalının 0,2 faiz, qeyri neft sektorunun 3,6 faiz, kənd təsərrüfatının 2,4 faizdən bir qədər çox artdığını qeyd etmişdir.
Ölkə Prezidenti Azərbaycanda sosial layihələrin icra edildiyini, 29 məktəbin tikildiyini, 485 məktəbdə təmir işlərinin aparıldığını, 33 səhiyyə obyektinin inşa və təmir olunduğu qeyd etdi.

Cənab Prezident ölkədə böyük yol layihələrinin, kənd yollarının icra edildiyini, bir neçə şəhərlərdə su və infrastruktur layihələrin icra edildiyini, 154 min iş yerinin yaradıldığını və bu iş yerlərinin 121 minin daimi iş yerlərinin olduğunu vurğulayaraq böhranlı ildə yaxşı nəticə olduğunu bildirdi.

          Ölkə rəhbəri Azərbaycanda baramaçılığın, pambıqçılığın, üzümçülüyün və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olmasını xüsusi qeyd etmişdir.

Ölkə Prezidenti 2016-cı ildə nəticələrin yaxşı olduğunu və 2016-cı ilin ölkə iqtisadiyyatı üçün ağır olmasına baxmayaraq yaxşı nəticələrin əldə olunmasını qeyd edərək, ölkəmizin inkişaf yolu ilə getdiyini və gedəcəyini xüsusi vurğu ilə qeyd etmişdir.

Möhtərəm Prezidentimiz çıxışında ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən ümumxalq səsverməsi referendumun keçirildiyini, həmin referendumun ədalətli, demokratik, tam şəffav şəkildə keçdiyini və referendumun nəticələrinin xalq tərəfindən dəstəkləndiyini və xalqın iradəsinin nəticəsində öz əksini tapdığını bildirdi.

Qeyd etməliyəm ki, rayonumuzda da keçirilən ümumxalq səsverməsi referendumda seçicilərimiz fəallıq göstərmiş və seçicilərin 69,54 faizi seçkilərdə iştirak edərək sərbəst şəkildə öz arzularını ifadə etməklə konstitusiyamızda edilən  əlavə və dəyişikliklərə səs vermişlər. 

Hörmətli yığıncaq iştirakçıları!

Dövlət Proqramına əsasən rayonumuzda da nəzərdə tutulmuş  bir çox tədbirlər  uğurla həyata keçirilmişdir. 

“Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar  Respublikamızın hər bir regionunda olduğu kimi rayonumuzda da böyük irəliləyiş olmuş, yeni iş yerlərinin yaradılması istiqamətində böyük və ardıcıl işlər görülmüşdür.     
       Rayonda pambıqçılığın, baramaçılığın, maldarlıq, narçılıq, üzümçülük, taxılçılıq, istixanaların tikilməsi, balıq göllərinin yaradılması, ümumilikdə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

       Sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2016-cı ilin 9 ayında Kürdəmir rayonunun  10 sahibkarına 117 min manat məbləğində kredit verilmiş və nəticədə 12 yeni iş yeri yaradılmışdır.

Cənab Prezidentimizin tapşırığına əsasən və eyni zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2016-cı ilin III rübündə 668 nəfər işlə təmin olunmuşdur ki, bunlar əsasən  rayonumuzda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən yaradılmış  vakant iş yerləridir.

2016-cı ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonumuzda ümumi məhsul buraxılışı 0,7 faiz artaraq 260 milyon 571 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 71,7 faizi istehsal, 28,3 faizi xidmət sahələrində  olmuşdur. Bunun 17,7 faizini sənaye, 44,1 faizini kənd təsərrüfatı, 0,9 faizini tikinti, 1,4 faizini nəqliyyat, 0,2 faizini rabitə, 26,7 faizini isə ticarət sahələri təşkil edir. 
     
          Hesabat dövründə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonumuzda aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılmışdir.

Cənab Prezidentimizin qeyd etdiyi kimi kənd təsərrüfatının hər bir sahəsi bizim üçün cox vacibdir. Odur ki, biz çalışmalı və kənd təsərrüfatının bütün sahələrini maksimum dərəcədə inkişaf etdirməli, ixrac yönümlü məhsulların istehsalına daha çox diqqət yetirməliyik.

         Rayonda taxıl istehsalının artırılması sahəsində müvafiq tədbirlər görülmüş, bu ilin məhsulu üçün ötən ilin payızında əkilmiş 40198 hektar taxıl sahələri 1,6 dəfə suvarılmış, 30 min hektardan çox sahəyə üzvü və mineral gübrələr verilmiş, 12 min hektarda ziyanvericilərə qarşı, 8 min hektarda alaq otlarına qarşı mübarizə aparılmışdır.

Taxıl biçininə hazırlıq mütəşəkkil aparılmış, kənardan cəlb edilənlərlə birlikdə zəmilərə 140-dan çox kombayn çıxarılmış, 20 iş günü müddətinə ən minimal itkilərlə taxıl biçini başa çatdırılmışdır.

Havaların taxılçılıq üçün əlverişsiz keçməsinə baxmayaraq yüksək məhsul əldə etmək üçün görülmüş aqrotexniki tədbirlər nəticəsini vermiş, bu il 103,4 min tondan çox məhsul istehsal edilmiş, hektardan məhsuldarlıq 25,7 sentner olmuşdur.

         Toxum istehsalına daha ciddi fikir verilmiş, 5 min tonadək toxumluq dən ayrılmış və çeşidlənərək 3800 ton yüksək reproduksiyalı toxum əldə edilmişdir.

Bu il təkrar əkinlər də daxil olmaqla 500 hektardan çox sahədə dənlik qarğıdalı əkilmiş və yüksək məhsuldarlığı təmin edən becərmə işləri təşkil olunmuşdur.

Növbəti ilin məhsulu üçün bu il də 40 min hektaradək taxıl əkilməsi nəzərdə tutulmuşdur. Hələlik 25 min hektardan çox taxıl əkiləcək sahənin şumu çıxarılmış, 8 min hektardan çox sahədə arpa əkilmişdir. Bir çox ərazilərdə taxıl əkini gecikdirilir. Əkinin optimal müddətdə başa çatdırılması üçün bütün zəruri tədbirlər görülməlidir.

Hesabat dövründə 12377 hektarda yonca, 1217 hektarda kartof, 2475 hektarda tərəvəz, 4059 hektarda bostan, 11 hektarda günəbaxan, 40 hektarda yerfındığı becərilmişdir. Sahələrdən 13660 ton kartof, 22270 ton tərəvəz, 69345 ton bostan, 20 ton günabaxan, 523 ton qarğıdalı dəni istehsal edilmişdir. Bu göstəricilər üzrə məhsullar ötən ildəkindən bir qədər çoxdur.

        Olkə Prezidenti Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğunu  və bu sahənin ciddi inkişaf etdirilməsini qarşımıza mühüm vəzifə kimi qoymuşdur.

Həmin tapşırığın icrasını təmin etmək məqsədilə rayonumuzda bütün imkanlar təhlil olunaraq qısa müddətdə qərargah yaradılmış, şirkətlərlə, aidiyyəti xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur.
Müqavilə bağlanmış zavodlar tərəfindən pambıqçıların təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuş, nəticədə qısa müddətdə 1911 hektar sahədə pambıq əkilmişdir. Becərmə işləri də aqrotexniki qaydada aparılmış, sahələrdə bol məhsul yetişdirilmişdir.

Artıq 20-25 gündür ki, pambıq yığımına başlanılmış, yığıma 1000 nəfərə yaxın işçi qüvvəsi, 2 pambıqyığan maşın, digər maşın və mexanizmlər cəlb edilmiş, 916 tonadək pambıq toplanmış və zavoda 850 ton məhsul təhvil verilmişdir. Ümumilikdə pambıq əkini, becərilməsi və yığılması işinə rayon üzrə 2000-dən çox işçi qüvvəsi cəlb edilmişdir. Başlıca vəzifəmiz yığımın mütəşəkkilliyini artırmaqla qalan qısa müddət ərzində məhsulu itkiyə vermədən yığıb təhvil verməkdən ibarətdir. Aidiyyatı adamlar bu işin məsuliyyətini dərk etməlidirlər.

Mülkiyyətçilər tərəfindən məhsulun itkisiz götürülməsi istiqamətində daha ciddi tədbirlər görülməli, pambığın vaxtında yığılaraq mütəşəkkil şəkildə qəbul məntəqələrinə təhvil verilməsi təmin edilməlidir. Onu da qeyd etməliyəm ki, istər pambıq əkini və yığım vaxtlarında bəzi icra nümayəndələri və bələdiyyələr bu işlərə məsuliyyətlə yanaşmış, bəziləri isə işin təşkilində məsuliyyətsizlik göstərmişlər.

Qeyd etməliyəm ki, bu işlər Topalhəsənli, Şilyan, Qarasu, Ərəbqubalı, Çöhranlı, Yenikənd kənd icra nümayəndələri və bələdiyyələr tərəfindən yaxşı təşkil edilmiş, lakin Xırdapay, Muradxan, Sığırlı, Carlı, Mehdili icra nümayəndələri və bələdiyyələri, Peşə Liseyi və Kürdəmir Regional Aqrar  Elm Mərkəzi tərəfindən bu işlərə məsuliy-yətsizliklə yanaşılmış, pambıq sahələrindən pambığın toplanmasında ləngimələrə yol verilmiş və təşkilatçılıq zəif təşkil olunmuşdur. 

Odur ki, adları qeyd edilən icra nümayəndələri, bələdiyyələr və təşkilatlar ciddi nəticə çıxarmalı və öz işlərində dönüş yaratmalıdırlar.

Rayonda pambıqçılığın inkişafı ilə əlaqədar Cənab Prezidentimizin tapşırığına uyğun olaraq pambıq sahələri gələn il üçün 2 dəfə artırılaraq 4 min hektar sahədə pambıq əkilməsi planlaşdırılmış və pambıq əkiləcək yerlər indidən seçilmişdir.

Onu da qeyd edim ki, yüksək məhsul götürmək üçün pambıq əkiləsi sahələrin şumu faraş və keyfiyyətli aparılmalı, qış aratına üstünlük verilməli, aprel ayında növbəti ilin məhsulu üçün əkin aparılmalıdır. Bütün bunlar nəzərə alınaraq, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə şirkətlərlə birlikdə pambıq əkini üçün müqavilələrin bağlanmasına və şum işlərinin aparılmasına başlanılmalıdır.

Hörmətli tədbir iştirakçıları!

Möhtərəm Cənab Prezidentimiz baramaçılıq sahəsində də böyük inkişafın müşahidə edildiyini və bu sahənin  ixrac yönümlü məhsullardan olmasını, ölkənin valyuta ehtiyatlarının artırılmasında və yeni iş yerlərinin yaradılmasında mühüm amil olduğunu qeyd edərək bu sahənin inkişaf etdirilməsini vəzifə kimi qarşıya qoymuşdur.
            Baramaçılığın inkişafı ilə əlaqədar bu il rayonumuzda 46 kümçüyə 80 qutu barama qurdu verilmişdir. Kümçülərdən Şəki İpək Açıq Səhmdar Cəmiyyəti tərəfindən 4 tonadək barama tədarük edilmişdir. Barama istehsalına 240 nəfər işçi cəlb olunmuşdur. Gələn il 7 ton barama istehsalı nəzərdə tutulmuşdur. Baramaçılıq üçün yem bazasının yaradılması məqsədi ilə rayonumuzda 45 minə yaxın tut ağaclarının əkiləcəyi nəzərdə tutulur.
Ölkə Prezidentinin tapşırığına əsasən gələn il üçün 2000 hektar sahədə şəkər çuğundurunun əkilməsi nəzərdə tutulur. Odur ki, aidiyyatı şəxslər şəkər çuğundurunun əkiləcəyi sahələri və əkəcək icarəçiləri müəyyən etməli, şumun çıxarılmasını və əkinə hazırlanmasını təmin etməlidirlər.   
Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır.  Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə, bu ilin 9 ayında 724 km kanal və 94 km dren şəbəkəsi lildən təmizlənmiş, 75 hidrotexniki qurğu, 24 nasos kompleksi cari təmir olunmuş, 10,0 km beton kanal əsaslı təmir edilmiş, 400 metr yeni latok kanal çəkilmişdir. Pambıq sahələrini normal su ilə təmin etmək üçün 163 km kanal lildən təmizlənmiş və yenidən qazılmışdır. Növbəti ildə pambıq və çuğundur əkiləcək yeni sahələrin suvarma suyu ilə təmin edilməsi tədbirləri indidən görülməlidir.

         Rayonun Carlı kəndi ərazisində kəndin əkin və həyətyanı sahələrinin su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə  “Xəzər-İnşaat E” MMC tərəfindən Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə nasos stansiyasının tikintisinə başlanılmışdır.
    
Odur ki, rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, suvarma və meliorasiya sistemindəki vəziyyəti ciddi təhlil etməli, müvafiq təşkilatların rəhbərləri ilə birlikdə  mövcud problemlərin aradan qaldırılması istiqamətində ciddi iş aparmalıdırlar.

Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 65 min başa, qoyun keçilərin sayı 133,7 min başa çatmış, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,1%, süd istehsalı 2,4 %,  yumurta istehsalı 0,3 faiz, yun istehsalı 0,5% artmışdır.

          Rayonda məhsuldar cins heyvanların artırılması tədbirləri görülür. Lizinq yolu ilə alınmış 217 baş cins düyə artırılaraq 600 başa çatdırılmışdır. Rayonda bu ilin doqquz ayında 935 mal süni mayalandırılmış, 427 baş cinsi  yaxşılaşdırılmış bala alınmışdır. Cins heyvanların yüksək texnologiya ilə saxlanması təmin edilmişdir.


2016 ci ilin 9 ayında rayonda 9000 ədəd müxtəlif ağac və gül kolları əkilmiş ,ümumilikdə 15000 ağacın əkilməsi nəzərdə tutulur.

      Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi və rayon Kənd təsərrüfatı idarəsi öz işlərini bundan sonra da günün tələbləri səviyyəsində qurmalı, məhsul istehsalının artırılması istiqamətində lazımi tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirməlidirlər.
   
  Hörmətli yığıncaq iştirakçıları!

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.

Dövlət Proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən cari dövrdə rayonun mövcud qaz alan yaşayış məntəqələrində təchizatın daha da yaxşılaşdırılması, normadan artıq qaz itkilərinin minimuma endirilməsi, istehlakçıların təbii qazla fasiləsiz və stabil rejimdə təmin edilməsi istiqamətində və rayonun qaz almayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində  işlər görülmüşdür.

Hesabat dövründə xidmət sahəsində olan 186 ədəd qaz tənzimləyicilərinə və 303 ədəd siyirtmələrə mütəmadi texniki xidmət göstərilmiş, mənzillərə texniki baxış keçirilməsi və müqavilələrin yenilənməsi işləri hər gün davam etdirilir.

Rayonun qaz açılışı olmuş 25 kəndində son tamamlama işləri davam etdirilərək kodlaşma başa çatdırılmaq üzrədir.

Muradxan və Mollakənd kəndlərində tikinti quraşdırma işləri maliyyə vəsaiti ayrılmadığına görə müvəqqəti olaraq dayandırılmışdır.

                  Artıq rayon mərkəzində SMART tipli qaz sayğaclarının quraşdırılmasına start verilmişdir. Hesabat dövrü ərzində 390 ədəd SMART tipli qaz sayğacı quraşdırılmışdır .

       Rayonun elektirik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində 2016-cı ilin III rübü ərzində əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 35/10 kv-luq Muradxan, Pirili, Axtaçı və Mollakənd yarımstansiyalarında cari təmir işləri aparılmışdır.

Kürdəmir rayon mərkəzində və kəndlərin ərazisində ümumilikdə 8.9 km 10 kv-luq və 5,5 km 0,4 kv-kuq hava xətləri yenidən qurulmuş, 555 ədəd smart kart tipli sayğac quraşdırılmışdır.
 
Muradxan, Dayıkazımlı kəndində və 28 may hava verilişi xəttində 243 ədəd dayaq əkilmiş, yeni məftillər çəkilmişdir.

Xırdapay və Topalhəsənli kəndlərində 2 ədəd 400 və 200 kVa-lıq transformator quraşdırılmış, 440 ədəd təzə dayaq əkilmiş, 11000 metr Sip kabel çəkilmişdir.

Rayon ərazisində 17 ədəd yeni transformator yarımstansiyası quraşdırılmış, 18 ədəd transformator əsaslı, 65 ədədi isə cari təmir olunmuşdur.

İstifadə edilmiş enerji daşıyıcılarının dəyərinin 100 % ödənilməsi nəzərdə tutulduğu halda son 9 ayda əhali sektoru üzrə istehlak edilmiş enerjinin dəyərinin cəmi 70,4 % yığımı təmin edilmişdir.
9 ay ərzində rayon üzrə paylanmış bildiriş üzrə 1878704 manata qarşı 1634274 manat vəsait toplanmışdır ki, bunun nəticəsində 244430 manat debitor borcu yaranmışdır.

Rayon Elektrik şəbəkəsinin rəhbərliyi rayon əhalisinin elektrik enerjisi ilə fasiləsiz və itkisiz təmin edilməsi məqsədi ilə sıradan çıxmış elektrik dirək və naqillərin tez bir zamanda yeniləri ilə əvəz olunmasına nail olmalı, SİP kabelləşmə və kart-sayğac sisteminə keçirilməsi işlərini sürətləndirməli, istifadə edilmiş enerji daşıyıcılarının dəyərinin tam ödənilməsini təmin etməlidir.

Dövlət proqlamına uyğun olaraq  2016-cı ilin III rübündə Kürdəmir şəhər əhalisinə içməli su və çirkab suların axıdılması üzrə xidmətlərin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür.

2016-cı ilin 9 ayında Kürdəmir şəhərinin küçə xətlərində 46 ədəd su borularındakı nasazlıqlar təmir edilərək su axıntısının qarşısı alınmışdır. 2016-cı ilin 9 ayında şəhərin H.Əliyev və Bakı prospektləri, H.Aslanov, M.Ə.Sabir, İ.Məmmədov, Nizami küçələrindəki və Aran qəsəbəsindəki  mərkəzi kanalizasiya xətti üzərindəki baxış quyuları lildən təmizlənmiş, sınmış qapaqlar dəyişdirilmiş, xəttin tutulmasının qarşısını almaq məqsədi ilə metal barmaqlıqlar qoyulmuşdur. Şəhərin H.Əliyev prospektində 15 ədəd, Koroğlu küçəsində 3 ədəd, M.Əzizbəyov küçəsində 2 ədəd, 20 yanvar küçəsində 3 ədəd baxış quyusunun yanları betonlanaraq yararlı vəziyətə gətirilmişdir.

Su-Kanal idarəsinin rəhbərliyi payız-qış mövsümü ilə əlaqədar şəhər ərazisində olan kanalizasiya xətlərinə bir daha çox ciddi baxış keçirməli, yağıntılar zamanı xətlərin tutulmasının baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görməli, maşın və mexanizmlər saz vəziyyətə gətirilməlidir.

         2016-cı ilin 9 ayında 23890 nəfər əhaliyə su və kanalizasiya xidməti göstərilmiş, 148027 manat su pulu yığılmışdır.

Bu işlərin vaxtında və keyfiyyətlə görülməsi rayon  İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və tikinti şöbələri, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən gündəlik nəzarətə götürülməlidir.

2016-cı ilin 9 ayı ərzində rayon Kommunal Müəssisələri Kombinatı və Mənzil İstismarı sahəsi şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılmasında səylə çalışmış,  ərazilərdə olan məişət tullantılarının mütəmadi götürülməsi təmin olunmuşdur.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Kombinatın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində, 2016-cı ilin avqust ayında bir ədəd “ZOOMLİON” markalı çirkab avtomaşını dəyəri ödənilmədən əvəzsiz olaraq rayonumuza verilmişdir.

      2016-cı ilin 9 ayı ərzində rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən əhalidən 6952 manat, kommersiya obyektlərindən isə 1075 manat vəsait  toplanmışdır. Mənzil İstismar sahəsi ev kirayəsindən 3540 manat, komunal xidmətlərə görə 5693 manat vəsait toplamışdır.
 
     Rayon Kommunal Müəssisələri Kombinatı və rayon Mənzil İstismarı sahəsi  bu sahədə işləri daha da genişləndirməli, tullantıların ərazilərdən vaxtlı-vaxtında götürülməsini təmin etməli, obyekt sahibləri ilə izahat işləri aparmalı, küçə və meydanların təmiz saxlanılmasına diqqəti artırmalıdır.

       Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi  xidmət təşkilatları ilə birlikdə  şəhərin təmizliyini  daim diqqət mərkəzində saxlamalı, zəruri tədbirlər həyata keçirməlidirlər.

Hörmətli yığıncaq iştirakçıları!
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2016-cı ilin 9 ayı ərzində rayonumuzda tikinti-quraşdırma, yenidənqurma və abadlıq işləri yerinə yetirilmişdir.
Ölkə Prezidenti Cənab İlham Əliyev rayonumuza səfəri zamanı töhfə olaraq müvafiq Sərəncamı ilə rayonumuzun yaşayış fonduna daxil olan 21 çoxmənzilli  yaşayış  binalarının əsaslı təmiri ilə əlaqədar 3,0 milyon manat vəsait ayırmış və  sərəncama uyğun olaraq, tenderdə qalib gəlmiş “Tac 2014” MMC tərəfindən çoxmənzilli yaşayış binalarında təmir işlərinə başlanılmışdır.
Ötən müddət ərzində təmiri  nəzərdə tutulmuş 21 ictimai yaşayış binalarında 691 m3 dəmir-beton kəməri tökülmüş, 20106 m2 mansart tipli kirəmit formalı metal vərəqələrlə dam örtüyü vurulmuş, 278 m2 metal plastik dam və blok pəncərələri qoyulmuş, 63 ədəd blok metal qapılar quraşdırılmış, 7961 m2 sahədə binaların fasad, 10480 m2 sahədə pilləkən qəfəsələri divarlarının suvaqları sökülərək yenidən vurulmuş, 17161 m2 sahədə fasad və pilləkən qəfəsələrinin divarları  emulsiya ilə rənglənmişdir. Beşmərtəbəli yaşayış binalarının kürsü hissəsinə və divarlarına 884 m2 sahədə ağlay üzlük materialı vurulmuş, qapı və pəncərə yamacları 1339 m ağlay materialı ilə haşiyəyə alınmış, binaların pilləkən meydançalarına 1157 m2 sahədə metlax döşənmiş, binaların ətrafına 711 m2 sahədə mozaik səki daşları düzülmüş, binaların qarşısında həyətyanı sahəyə 762 p/m beton-bort daşları qoyulmuş və 7220 m2 əraziyə asfalt örtüyü vurulmuş,  5 beşmərtəbəli yaşayış binalarının zirzəmiləri çirkab sularından təmizlənmiş və yeni kanalizasiya xətti çəkilmişdir. Ümumilikdə 21 ictimai yaşayış binalarında 1491 p/m kanalizasiya xətti çəkilmişdir. Hazırda 20 ictimai yaşayış binalarında son tamamlama işləri və binaətrafı ərazidə abadlıq işləri aparılır, qalan 1 ictimai yaşayış binasında isə əsaslı təmir işlərinə başlanılmışdır.

          Əhalinin məşğulluğunun artırılması məqsədi ilə rayon İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına şəhərin 7 yaşayış binalarında 4324 m2 sahədə dam örtüyü taxta şəbəkələri ilə birlikdə sinklənmiş metal vərəqələrlə yenidən işlənmiş, 39 m2 metal qapılar qoyulmuş,  3168 m2  sahədə yeni suvaq qatı vurulmuş, pilləkən meydançalarına 182 m2 sahədə metlax üzlük materialı döşənmiş, 3405 m2 sahədə fasad və pilləkən qəfəsəsi divarları emulsiya ilə rənglənmişdir.

          Hazırda şəhərin H.Əliyev prospektində 100 çarpayılıq rayonlararası Psixiatriya Xəstəxanasının tikintisinə başlanılmış, rayonun Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik tam orta məktəb binasının tikintisi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Respublika Təhsil Nazirliyinə vəsait ayrılmış, tərəfimizdən torpaq sahəsi müəyyənləşdirilmiş, hazırda layihə-smeta sənədləri hazırlanıb Dövlət Ekspertiza idarəsinə təqdim edilmişdir.

         2016-cı ilin III rübündə telefona olan tələbatla əlaqədar əhaliyə 295 ədəd telefon çəkilmiş, 219 ədəd telefon bərpa olunaraq abonentlərin istifadəsinə verilmişdir.

        Bundan əlavə hesabat dövrü ərzində rayonun dəmiryolu ərazisinə yaxın bir hissədə 270 m uzunluqda kabel-kanalizasiya qurğusu tikilib istifadəyə verilmişdir.

        Qarabucaq kənd EATS-nin daxili xətt şəbəkəsi rekonstruksiya olunaraq “Aztelekom” MMC tərəfindən ayrılmış xətt materiallarından istifadə etməklə yenidən tikilmişdir.

       Əhalinin genişzolaqlı internet xidmətinə olan təlabatını ödəmək və xidmətin keyfiyyətini artırmaq məqsədilə 2016-cı ilin hesabat dövründə rayon ərazisində 232 portluq  DSLAM avadanlığı quraşdırılmışdır.
   Dövlət Proqramının icrası ilə əlaqədar 2016-cı ilin IIl rübündə 21 saylı Kürdəmir Yol İstismarı idarəsi tərəfindən  “Azəravtoyol” ASC-nin xətti ilə rayon  ərazisində fiziki göstəricisi 4537 m2  olmaqla asfalt beton qarışığı ilə çala təmir işləri görülmüşdür.
    Rayon ərazisində küveyt və yolun çiyinləri alaq otlarınadan müntəzəm olaraq təmizlənmiş və avtoqreyderlə hamarlanmış, ərazidə yerləşən yol ötürücü körpülər müntəzəm olaraq təmizlənib yuyulmuşdur.
Yerli əhəmiyyətli Muradxan, Söyüdlər, Şilyan, Qarasu, Qurd-Bayram, Çöhranlı, Karrar, Yenikənd, Qarabucaq və sair kəndlərdə yolun çökmüş hissələrinə çınqıl tökülmüş və hərəkətin təhlükəsizliyini təmin etmək üçün yolun gediş-gəliş hissələri və çiyinləri avtoqreyderlə hamarlanmışdır.

Dövlət Proqramının icrası ilə əlaqədar 2016-cı ilin 9 ayı ərzində Kürdəmir şəhərinin küçə və prospektlərində də əsaslı təmir işləri aparılmışdır. Belə ki, şəhərin M.B.Qasımov küçəsində 3070 m2, E.Mikayılov küçəsində 2630 m2, 20 yanvar küçəsində 2130 m2, Koroğlu küçəsində 5573 m2,  X.İslamzadə küçəsində 7350 m2, M.Əsədov küçəsində 1844 m2, M.Əzizbəyov küçəsində 4627 m2, Aşıq Əhməd küçəsində 2790 m2, Bakı prospektindən rayon Baytarlıq idarəsinə giriş yolunda 1600 m2, Bakı prospektindən Regional Enerji Nəzarəti idarəsinə giriş yolunda  1000 m2, ümumilikdə şəhər üzrə 36499 m2 yeni asfalt örtüyü vurulmuşdur.

Əlavə olaraq onu da bildirim ki, uzunluğu 3,65 km olan rayonun Mürtülü, Dəyirmanlı və Yenikənd kəndlərini birləşdirən Yenikənd-Dəyirmanlı yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə əlaqədar Respublika İqtisadiyyat Nazirliyinə müraciət olunmuş, köməklik göstərilməsi barədə razılığa gəlinmiş, yaxın müddət ərzində layihə smeta sənədləri hazırlanıb əsaslı təmir işlərinə başlanacaqdır.

Hörmətli yığıncaq iştirakçıları!

Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.

Rayon Təhsil şöbəsi 2016-cı ilin 9 ayı ərzində təhsil sahəsində islahat proqramının təhsil qanununun və Azərbaycan Respublikasında təhsilin inkişafına dair dövlət strategiyasının qarşıya qoyduğu vəzifələrin müsbət həlli istiqamətində müvafiq işlər görmüşdür.

Rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəm-ləndirilməsi, onların müasir avadanlıqlarla, ixtisaslı kadrlarla təmin olunması və şagirdlərə dərsliklərin vaxtında çatdırılması sahəsində konkret vəzifələr müəyyənləşdirilərək onların həyata keçirilməsi təmin edilmişdir.

Rayon Təhsil şöbəsinin fəaliyyətinin qiymətləndirilməsinin mühüm göstəricilərindən biri də məktəb məzunlarının ali təhsil müəssisələrinə qəbul imtahanlarında əldə etdikləri nəticələrlə ölçülür.

2016-cı ildə rayonun ümumtəhsil məktəblərini 979 nəfər bitirmiş, onlardan 508 nəfəri ali məktəblərə qəbul olunmaq üçün elektron ərizə ilə müraciət etmişlər.

Onlardan 172 nəfəri ali məktəblərə qəbul olunmuşlar. Ali məktəblərə qəbul olunanlardan 10 nəfəri 600 baldan çox, 1 nəfəri isə 700 bal toplayaraq Kürdəmir təhsil sahəsində ilk dəfə olaraq ən yüksək nəticə göstərmişdir.

2016-2017-ci ilin tədris ilində rayonun 36 ümumtəhsil məktəbində 50 məktəbdə hazırlıq qrupu açılmış və həmin qruplarda 989 nəfər uşağın təhsillə əhatə olunması təmin edilmişdir. 

      Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən rayonda əhalinin tibbi müayinədən keçirilməsi təmin edilmiş,  102 min nəfər tibbi müayinədən keçirilmişdir.

Bu ilin doqquz ayı ərzində rayonun tibb müəssisələrinə 420346 ambulator müraciət olunmuş, 3460 nəfər xəstə stasionar müəalicəyə cəlb edilmiş, onlardan 497 nəfəri cərrahi əməliyyat edilmişdir. 9 ay ərzində təcili yardım xidmətindən 6569 nəfər istifadə etmişdir.

Qeyd etməliyəm ki, körpə ölümü (0-1) yaş 4 nəfər, uşaq ölümü (1-5) yaş 1 nəfər olmuşdur.

Odur ki, səhiyyə müəssisəsinin rəhbərliyi bu işə  nəzarəti daha da  gücləndirməlidir.

Rayonda “Nikaha daxil olan şəxslərin icbari tibbi müayinəsi” məqsədi ilə 9 ay ərzində 1315 nəfər tibbi müayinə olunmuşdur. 
     

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği rayon İcra Hakimiyyəti Başçısı Aparatının apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.

        Fəalların və təbliğat qruplarının yaxından iştirakı ilə möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilir.
    
Dövlətçilik və müstəqillik mövqeyində dayanan rayonun hüquq-mühafizə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlığa qarşı mübarizə və ictimai-siyasi asayişin qorunması sahəsində ardıcıl olaraq iş aparmışlar.

2016-ci ilin 9 ayında rayonda 178 cinayət hadisəsi qeydə alınmışdır. 

Baş vermiş cinayət hadisələrinin 145-nin istintaqı tamamlanmışdır.  Cinayyət hadisələrinin əsas hissəsini oğurluq, dələduzluq, ağır və xüsusilə ağır cinayətlər, yol hərəkətinin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması hadisələri olmuşdur. 

Rayonun hüquq mühafizə orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı bundan sonra da ardıcıl və ciddi tədbirlər görməlidir.

2016-cı ilin 9 ayında rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 1440 nəfər vətəndaş qəbul edilmişdir ki, onlardan 1265 nəfəri rayon İcra Hakimiyyəti Başçısının Aparatında, 175 nəfəri isə yerlərdə keçirilən səyyar qəbullar zamanı fərdi qaydada qəbul edilmişdir. Müraciət etmiş hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşılmış, mümkün lazımi köməkliklər göstərilmişdir.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2016-cı ilin 9 ayında vətəndaşlardan  977 ədəd müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 432 ədədi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 36 ədədi Milli Məclisdən, 25 ədədi Nazirlər Kabinetindən, 81 ədədi digər yuxarı Respublika təşkilatlarından, 403 ədədi isə vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə göndərilmiş ərizə və şikayətlərdir.

Hörmətli yığıncaq iştirakçıları!

Ölkə rəhbəri tərəfindən qarşımıza mühüm vəzifələr qoyulmuşdur. 2014-2018-ci illər üçün qəbul edilmiş Dövlət Proqramının layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, rayonumuzun inkişafı ilə bağlı bütün imkanları səfərbər etməli, qarşıya qoyulan vəzifələrin vaxtında və uğurla yerinə yetirilməsi üçün yüksək məsuliyyət və səylə çalışmalıyıq.

Bu yolda hər birinizə uğurlar diləyirəm.

Keçidlər