Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Nizami Gəncəvi İli” çərçivəsində ədəbi-bədii məclis təşkil olunub

15 dekabr 2021 | 16:00

AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı tərəfindən “Nizami Gəncəvi İli” çərçivəsində Nizami Gəncəviyə həsr olunmuş tədbirlərin yekunu olaraq ədəbi-bədii yubiley mərasimi keçirilib.

Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbdə təşkil olunmuş tədbiri giriş sözü ilə Ədəbiyyat Muzeyinin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açıb. O, dövrünün bir sıra ictimai və fəlsəfi məsələlərini yüksək formada əks etdirən, Yaxın Şərq xalqlarının bədii idrakının zirvəsi olan, yeni intibah ədəbiyyatının möhtəşəm abidələrini yaradaraq dünya ədəbiyyatı tarixində yeni bir tarixi dövr açan Nizami Gəncəvi poeziyasının müxtəlif aspektlərdən öyrənilməsi və təbliğinin vacibliyindən danışıb. Y.Bahadurqızı bu məqsədlə filial tərəfindən keçirilmiş tədbirlər haqqında iştirakçılara məlumat verib.

Bildirib ki, “Nizami Gəncəvi İli” çərçivəsində Aran regional filialının hazırladığı tədbirlər planına əsasən Kürdəmir Rayon Təhsil Şöbəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Xəmsə möcüzəsi” adlı bədii qiraət müsabiqəsi keçirilib. İl ərzində rayon Təhsil şöbəsi ilə birlikdə “Qüvvət elmdədir! Başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz...” devizi ilə onlayn formatda “Nizami mühazirələri” təşkil olunub. Bundan başqa, türkiyəli alimlərlə ortaq “Nizami Gəncəvi və Yunus Əmrə irsinin tarixiliyi və müasirliyi” mövzusunda dəyirmi masa təşkil edilib. Həmçinin “EL” regional televiziyasının “Sözün sehri” devizi altında müştərək layihəsi həyata keçirilib ki,  bu layihə də qəzəl müsabiqəsindən ibarət olub və hər həftə ARB Günəş kanalında yayımlanıb.

Daha sonra M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov “Nizami Gəncəvinin milli və ədəbi kimliyi” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, Nizami mənbələrə orijinal yanaşma üslubu nümayiş etdirərək milli keçmişimizlə bağlı tarixi faktlardan öz məqsədi - türklərin möhtəşəm tarixinin gələcək nəsillər tərəfindən unudulmaması və qəhrəmanlıq ənənələrimizin əbədi yaşaması üçün istifadə edib. Dahi şair milli kimliyimizi sərgiləyən dastan, əfsanə, rəvayət və nağıllarımızdan səmərəli bəhrələnib.

Mərasimdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli, Mollakənd tam orta məktəbinin direktoru Akif İbrahimov, Karrar qəsəbə tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva, Küdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Kürdəmir rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov çıxış edərək “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən silsilə tədbirlərin əhəmiyyətindən danışıblar.

Tədbirin bədii hissəsində “Sözün sehri” telemüsabiqəsinin qalibləri Turanə Şıxəliyeva, İradə Məmmədova, xanəndə Sabir Hüseynov, tarzən Rövşən Zamanov, kaman ifaçısı Rafiq Paşayev ifaları ilə ədəbi-bədii məclisə rövnəq veriblər.

Sonda “Nizami Gəncəvi İli”ndə muzey tərəfindən keçirilən tədbirlərdə fərqlənənlərə Millli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun imzaladığı Fəxri fərmanlar təqdim edilib.

Keçidlər