Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Kürdəmir, Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşüb

01 dekabr 2019 | 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kürdəmir rayonunda rayonun sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir vətəndaşlarla görüşündə Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində aparılan ardıcıl islahatlar barədə məlumat verib. O, pensiya təminatının gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün atılan addımları, sosial təminat növləri üzrə xidmətlərin avtomatlaşdırılması tədbirlərini qeyd edib. Pensiyalar kimi, sosial müavinət və təqaüdlərin də bu təminat növlərinə hüququ yaranan vətəndaşlara müraciət edilmədən, proaktiv qaydada təyin edilməsi üçün elektron sistemlərin qurulmasının geniş vüsət aldığını diqqətə çatdırıb.

Qəbul zamanı vətəndaşlar sosial təminat növləri üzrə hüququn müəyyən edilməsi, məşğulluğun təminatı, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq və peşə hazırlığı proqramlarına, bərpa müalicəsinə cəlbolunma, əlilliyin qiymətləndirilməsi, reabilitasiya vasitələri ilə təminat, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciət ediblər. Bütün müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Ucar rayonunda və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Zərdab rayonunda vətəndaşları fərdi qaydada qəbul ediblər. Hər iki rayonda da vətəndaşların müraciətləri obyektiv şəkildə araşdırılaraq cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar tədbirlər görülüb.

Keçidlər